Ru
12:04 / 20 Dekabr 2024

Doğuş sayında kəskin azalma: səbəb yalnız maddi çətiliklərdir? - Araşdırma

Doğuş sayında kəskin azalma: səbəb yalnız maddi çətiliklərdir? - Araşdırma
981

Bu ilin yanvar-oktyabr ayları ərzində qeydə alınan doğum sayı ötən illə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, göstərilən müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Qeyd edək ki, 2022-ci ildə isə sözügedən göstərici 12,4 olub.

Doğum nisbətində azalma təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində müşahidə olunur. Mutəxəssislərin fikrincə, mövcud vəziyyət belə davam edərsə, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər.

Sosioloq Üzeyir Şəfiyev Bakupost.az -a bildirib ki, Azərbaycanda təbii artım tam kritik vəziyyətdə deyil. Ancaq əvvəlki illərlə müqayisədə ölkədə təbii artımda enmə müşahidə olunur. Bunun da bir çox səbəbləri var:

“Əhalinin sosial vəziyyəti, maddi çətinliklər buna təsir edən əsas amillərdən biridir. Digər səbəb boşanmaların artması ilə əlaqədardır. Əlbəttə ki, boşanmalar artdıqca, təbii artım aşağı düşəcək. Ailələr indi 1, ya da 2 uşağa üstünlük verirlər. Çünki anlayırlar ki, əsas uşaqların sayı deyil, sağlam, təhsilli, işlə, evlə təmin olunmuş vətəndaş yetişdirmək lazımdır”.



Sosioloqun sözlərinə görə, dövlət tərəfindən demoqrafik stimullaşdırıcı siyasət həyata keçirilərsə, əhalinin sayında artım dinamikası müşahidə oluna bilər:

“Hazırda ölkədə təbii artım kritik müzakirə obyektinə çevrilməyib. Halbuki bunun haqqında düşünmək lazımdır. Çünki Azərbaycanda da təbii artımda əvvəlki illərə nisbətən geriləmə var. İllər əvvəl çoxuşaqlı ailə trendi var idi. Belə ailələrə əlavə imtiyazlar, məsələn çoxuşaqlı analara "Qəhrəman ana" statusu verilirdi. Bu da şübhəsiz ki, demoqrafik siyasəti dəstəkləyən bir siyasət idi. Dövlətin demoqrafik artımını stimullaşdıran aktiv və praktiki sosial dəstək layihələri həyata keçirilməlidir. Gənc ailələrə sosial dəstək proqramları qəbul edilməlidir. Gənclərin ailə qurması üçün təşviqat işləri aparılmalıdır”.

Üzeyir Şəfiyev qeyd edib ki, təbii artımın aşağı düşməsi gələcəkdə bir çox problemlər ortaya çıxaracaq: “Bu məsələ gələcəkdə əmək bazarında problem yarada bilər. Eyni zamanda təbii artım aşağı düşdükcə, paralel olaraq miqrantların sayı arta bilər. Hansı ki, bu da genefondumuza təsir edəcək. Azərbaycanda heç vaxt olmadığı kimi təbii artım aşağı düşüb. Bundan əvvəl gənclər Azərbaycan əhalisinin 30 faizini təşkil edirdisə, indi 20 faizini təşkil edir ki, bu da təhlükəli göstəricidir".

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, ölkədə boşanmaların sayı artır. Boşanan ailələrdə isə adətən bir uşaq olur və ailə dağıldığı üçün ikinci uşaq ehtimalı aradan qalxır. Daim münaqişə, gərginlik yaşanan ailələr də bir uşaqla kifayətlənir, ikinci, üçüncü uşa məsələsinə etinasızlıq yaranır:

“Üçuşaqlı ailə modeli təbliğ olunmalı, dövlət buna lazımi şərait yaratmalı, valideynlər sağlam və elmli uşaq böyütməyə çalışmalıdır. Dövlət həm maddi, həm mənəvi cəhətdən ailəyə kömək olmalıdır. Uşaqların bütün yükünü ailənin üzərinə atmaq da doğru deyil. Əks halda ortaya bu cür arzuolunmaz nəticələr çıxır. Gözlənilən demoqrafik problemi önləmək üçün məsələyə yeni yanaşma olmalıdır. Humanitar siyasət dəyişməlidir. Elə bir sosial siyasət proqramı qurulmalıdır ki, hər ailədə ən azı 3 uşaq olsun. Ölkədə əhali azalmasının, fəsadları var. Çünki bir azdan işçi qüvvəsi də azalacaq. Ona görə çalışmaq lazımdır ki, ölkədə doğru ailə modeli təbliğ olunsun. Bunun üçün sosial məsələlər həll olunmalı, dövlət qayğısı artmalıdır. Uşaq təkcə ailənin, atanın, ananın deyil, həm də dövlətindir. O, həm ölkənin müdafiə qabiliyyətini artırır, həm lazımi mütəxəssis kimi yetişir və s”.



İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ölkədə demoqrafik azalma 2015-ci ildən başlayıb. İqtisadi problemlərin artması, devalvasiya, işsizlik, dolanışıqla bağlı çətinliklərin yaranması ailə planlamasına da mənfi təsir göstərdi: “Bu problemi aradan qaldırmaq üçün sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmalıdır. Gənc ailələrə dəstək verilməlidir. Bu gün gənc ailələrin mənzilə çıxış imkanları çox məhduddur. Bu, ailə planlaşdırılmasında çox ciddi məsələdir. Uşaqpulu ilə bağlı neçə illərdir müzakirələr gedir. Onun işlək bir mexanizminin tapılması lazımdır. Mən anlayıram ki, çətin məsələdir, böyük vəsaitlər tələb olunur. Amma ən azından ilk mərhələdə heç olmasa, 3 və ya 5 yaşına qədər olan uşaqlara müəyyən maddi yardımın edilməsi gündəmə gələ bilər. Bu kimi problemləri həll etdikdən sonra demoqrafik artım müşahidə edə bilərik”.



N.Cəfərli vurğulayıb ki ailələrə, uşaqlara yardım üçün əlavə vəsait ayrılması üçün yeni proqram qəbul olunmalıdır. Həm doğuşa görə, həm də 18 yaşına çatana qədər birinci uşağı çıxmaq şərtilə sonrakı uşaqlar üçün uşaq pulu verilməlidir:

“Ailədə 2 və daha çox uşaq olmalıdır ki, demoqrafik artım olsun. Bir sözlə, uşaq pulunun verilməsinin problemin həllinə müsbət təsirləri ola bilər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu gün ölkədə tək və ikiuşaqlı ailələrin çoxalma səbəblərindən biri insanların şəxsi inkişafının daha ön plana çəkilməsidir:

“Qadının cəmiyyətdə rolunun, təhsil və karyeraya marağının artması ailə planlaşdırılması, doğuşların sayının tənzimlənməsi məqamına bilavasitə təsir göstərən səbəblərdəndir. Bununla yanaşı, uşaq doğulduqdan sonra onun sağlam və savadlı vətəndaş kimi boya-başa çatdırılması üçün ailənin müvafiq maliyyə-iqtisadi, sosial dayanıqlığının olması tələb olunur. Daha dəqiq desək, ailələrin sabitliyi, ailədaxili münasibətlərin dayanıqlılığının artırılmasında sosial-psixoloji səbəblərlə yanaşı, maddi və sosial-iqtisadi amillər də həlledici rola malikdir. Çoxuşaqlı ailələrin sayının azalmasının əsas səbəblərindən biri odur ki, bir çox ailələr uşaqlarına daha keyfiyyətli həyat və təhsil vermək istəyirlər. Bu səbəbdən yalnız bir, yaxud iki uşağa lazımi diqqət və qayğı bacarıqlarının olduğunu düşünürlər. Eləcə də valideynlərin daha çox təhsil, karyera arxasınca getməsi, həm də müasir yaşam tərzi bir və ya iki uşağa üstünlük verilməsinə gətirib çıxarır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar