Vasif Sadıqlı
“Don Kixot enerjili ruhunun bütün atəşi ilə özünü sevdiyi ideyaya həsr edən nəcib və ağıllı bir insandır. O heç kimin inanmadığı bir şeyə səmimi qəlbdən inanır və başqalarını da buna inandırmaq üçün sağlamlığını, əməyini, var-dövlətini və rahatlığını qurban verir”.
Belinski
“Don Kixot” o kitablardan deyil ki, bir dəfə oxuyasan, keçəsən. “Tordesiyasda ana bətninə düşüb Tarraqonda doğulmuş” Miquel Servantesin bu romanı, şübhəsiz, dünya ədəbiyyatının şedevrlərindən biridir. “Lenfilm”in 1957-ci ildə çəkdiyi “Don Kixot” bədii filmi (musiqisi Qara Qarayevindir), sonralar SSRİ ilə İspaniyanın birgə çəkdiyi “Don Kixotun həyatı” (rejissor Rezo Çxeidze) da daxil bu əsərin motivləri əsasında 50-dən çox bədii film çəkilib.
XVI əsr. İspaniya, Lamanç. Gecə saatlarıdır. Çoxları yatıb. Bir evdə bir neçə nəfər qayğılı şəkildə onları narahat edən problemi çözmək üçün yollar arayır. Onları narahat edən budur ki, gecədən xeyli keçməsinə baxmayaraq, bir nəfərin işığı həmişə olduğu kimi yenə yanır. O, hər gecə kitab oxuyur. Narahat olanlar keşiş, bakalavr və kitab oxuyanın yaxınlarıdır. “Lənətə gəlmiş kitablar” deyə biri ucadan səslənir. Digəri “kitablar yox, cəngavərlik romanları” deyə düzəliş edir.
Bu adamların yuxusunun ərşə çəkilməsinə səbəb olan bir hidalqodur. Onu köhnə nizəsi, köhnə yuvarlaq dəbilqəsi, qocalıb əldən düşmüş atı və ov tulası olmadan təsəvvür etmək mümkün deyil. O, nahara əsasən qoyun ətindən sup, şam yeməyində bir parça ətlə ədviyyatlı sous, cümə günləri mərci, şənbə günləri qarınqarta, bayram günləri bir cüt göyərçin yeyir. Əvvəllər ov etməyə həvəsli olan hidalqo yeni məşğuliyyət tapandan sonra ovdan əl çəkir.
Yeni məşğuliyyət cəngavər romanlarıdır. O, don Belianisin qəhrəmanlığından oxuyanda cəngavərin aldığı çoxlu yaralardan vəcdə gəlir. Onun fikrincə, bu yaralar, çapıqlar xeyirxah qəhrəmanlığın ən yaxşı sübutudur və yaxşı ki, ən peşəkar cərrahlar belə o çapıqların izini silə bilməyib. O, cəngavər romanlarını oxuduqca göz yaşlarını saxlaya bilmir. Nəhayət, meydana atılmağı qərara alır. Bundan sonrasını bilirsiniz. Don Kixotun şərlə mübarizəsi yaşadığı sərt, qəddar, çirkli və kobud mühitə tərs şillədir. Lamançlı hidalqo haqq uğrunda mübarizəyə atılarkən qələbə və ya məğlubiyyət olacağı barədə dərindən düşünmür. O, “məğlubiyyət möminlərin nişanəsidir” (Mövlana) fəlsəfəsinə dərindən inanır. Yuxarıda deyildiyi kimi, aldığı yaraları xeyirxah qəhrəmanlığın ən yaxşı sübutu kimi qəbul edir və bununla qürur duyur.
Don Kixota hamı gülür. Servantes özü Don Kixotu qəribə situasiyalara salıb oxucuları güldürür, sonra özü də gülür, sonra da Don Kixotdan üzr istəyir: “Sən Allah, bağışla, oxucuların tırkasına getdim… “Vopşe” bunu mən yazmamışam, Sid Əhməd bin-İnhali yazıb… Bilirsən də, ərəblər şoğəribdi: “Bu vaqiənin həqiqiliyinə şübhə yaradan bir şey varsa, bu da müəllifin ərəb olmasıdır. Yalançılıq bu qəbilənin fərqləndirici cəhətidir. Ərəblər bizim qatı düşmənimizdir. Ona görə ehtimal etmək olar ki, müəllif mübaliğədən çox, azaltmağa, kiçiltməyə meyllidir. … Bilirəm ki, bu vaqiədə əyləncəli oxudan tələb olunan hər şey tapacaqsınız. Nöqsanlar isə – əgər onlar varsa – məncə, bu məsələdə predmet özü yox, it müəllif günahkardır”.
Aşiq Don Kixot
Servantesin ölümsüz Don Kixotu həqiqi aşiqdir. O, səyahətə çıxmazdan əvvəl “Tobosa gedib orada qənirsiz Dulsineyanın xeyir-duasını və şəfqətli icazəsini almaq” qərarına gəlir, çünki “səyyah cəngavərlərə heç nə xanımların iltifatı qədər igidlik vermir”. Don Kixota görə, Dulsineya “kübarlığı arbalet atışı məsafəsindən bilinən zatlardandır”. Dulsineya Toboslu Dulsineya xanım olmaq üçün xəlq edilməmişdi. O, elə olduğu kimi el-Tobosodan Aldonsa Lorenso olmalı idi. Onu Don Kixot «qəlbinin xanımı» elədi. Don Kixot hesab edirdi ki, «sevgisiz cəngavər ruhsuz bədən kimidir». Onun “qəlbinin cəngavəri” də öz zövqünə uyğun idi. Onu başqa tərtibdə və biçimdə görmək Don Kixotun təxəyyülünün hüdudsuzluğunun nəticəsi idi. Dünyanın heç bir sərt reallığı, adamların natamamlığı, cılızlığı, naqisliyi, yalançılığı, hiyləgərliyi, xəyanəti – heç nə, heç nə Don Kixotun hüsni-zənnini zədələyəcək gücə malik deyildi. Faust nə vaxtsa Vaqner sxolistikasının cəngindən xilas olduğu kimi, çətin olsa da, Marqarita mərhələsini də adlaya bilmişdi. Don Kixot isə «qəlbinin xanımı»nı Aldonsa Lorenso səviyyəsinə endirəcək dəyişkən qəlb sahibi deyildi. Aldonsa Lorenso Don Kixotu Lamançlı Kixana səviyyəsinə endirməkdə aciz olduğu kimi, Solğun Bənizli Cəngavər də Dulsineyasının təxəyyülündə bəslədiyi obrazına toz qondurmayacaq qədər israrlı idi.
“O axar su kimi safdır” – beləcə sandı və buna inandı və buna məhkum idi. Don Kixot qədər saf qəlbli, uşaq kimi sadəlövh olanların başqa alternativi olmur. Onun bu inanmağı Aldonsa Lorensonu Dulsineya etmədi: o, nə gözəl oldu, nə zərif, nə də nəcib. O, Aldonsa olaraq qaldı, substansiya idi, substansiya olaraq davam etdi… Bir xəyalpərəstin platonik sevgisində nəqqaşın nəqşi olmaq kimi bir stixiyası da yox idi. Aldonso olmaq onun üçün daha zövqlü və cazib idi. Don Kixot əmin idi ki, Toboslu Dulsineya, yəni Aldonsa Lorenso pinti, gəvəzə, bizövq birisi deyil. Əgər Sanço onu belə görübsə, demək, onu sehrbazlar bu kökə salıb: “Kəs səsini, Sanço, mən sənə demişəm ki, sehrbazlar istənilən şeyin əsl mahiyyətini təhrif edib dəyişə bilir. Mən demirəm ki, bir şey, doğrudan, başqa bir şeyə çevrilir, – yox, dəyişiklik bizim təsəvvürümüzdə olur. Mənim Dulsineyamın dəyişdirilməsi əhvalatı bunu göstərdi”.
Don Kixota görə, onu əhatə edən mühit Dulsineya sevgisini qəlbindən çıxarmaq üçün təhdidlərlə doludur. Bir dəfə qraflardan biri əylənmək üçün Don Kixotu evinə uzunmüddətli qonaq aparır. Onun xəyalında yaratdığı Dulsineya xanıma olan sevgisinin həqiqi olub-olmadığını yoxlamaq üçün bir məzhəkə qurulur. Qrafın qulluqçularından Altisidora adlı itoynadan qız Don Kixota guya aşiq olduğunu deyir. Bu qız gecələr pəncərəsinin ağzında arfada çalır, dəli-divanə olduğunu izhar etmək üçün serenadalar oxuyur:
Yumşaq yatağında holland ağına,
Bürünüb nə belə xumarlanırsan?
Verib gözlərini şirin mürgüyə,
Axşamdan sübhəcən uyuyan oğlan.
Sən doğma Lamançın cəsur oğlusan,
Hüsnü, qürurusan cəngavərliyin,
Bütün Ərəbistan xəzinələri
Məgər bir telinə dəyərmi sənin?
Dinlə nəğməsini qəzəbli qızın,
Bəxtindən incikdir, yarası dərin,
Gör necə qurudub onun qəlbini
Sənin cüt Günəşə bənzər gözlərin…
Hətta bir dəfə gecə yarısı bu qız birbaşa Don Kixotun otağına soxulur. Sadəlövh Don Kixot onun sevgisinə inanır. Amma lamançlı hidalqo sədaqətli aşiq kimi Altisidoranı rədd edir – xəyalında qurduğu Dulsineyaya xəyanət etmir və qəlbinin “axar su kimi saf” sultaının rəqiblərinə belə müraciət edir: “Ey mənim saysız-hesabsız vurğunlarım, qulaq asın: mən təkcə Dulsineya üçün yumşaq xəmir və badam şəkərburasıyam, qalan qızlar üçün çaxmaq daşıyam, ondan ötrü balam, sizdən ötrü əzvayam. Məndən ötrü yalnız Dulsineya gözəldir, ağıllıdır, zərifdir və alicənabdır. Qalanların hamısı eybəcər, axmaq, pozğun və alçaq nəsildəndirlər. Təbiət məni ona görə yaradıb ki, yalnız ona məxsus olum. Qoy Altisidora ağlasın və oxusun, sehrlənmiş mavrın qəsrində uğrunda döyüldüyüm xanım qoy qəmlər yesin – çünki necə olursa-olsun, mən Dulsineyaya məxsus olmalıyam. Mən yer üzünün bütün cadugər ovsununun əksinə olaraq həmişə təmiz, xeyirxah və vəfalı qalacağam”.
Ekstravert Don Kixot və introvert Hamlet
Turgenev “Hamlet və Don Kixot” adlı məqaləsində (1860) yazırdı: “”Don Kixot” sözü ilə biz çox vaxt sadəcə bir təlxəyi nəzərdə tuturuq, amma əslində kixotizmdə fədakarlıq prinsipini komik tərəfdən götürməliyik”. Don Kixot haqq uğrunda mübarizəni özünə ideal seçən fədakar insandır. “İdealına sədaqət Don Kixotun canına-qanına hopub, bunun üçün o hər cür çətinliyə dözməyə, canını belə qurban verməyə hazırdır. Həyatına isə idealının təcəssümü, yer üzündə həqiqət və ədalətin bərqərar olması üçün bir vasitə ola biləcəyi qədər dəyər verir. Deyirlər ki, bu ideal əsəbi xəyalları ilə cəngavər romanlarının fantastik dünyasından əxz edilib; bununla razıyam və Don Kixotun komik tərəfi budur; lakin ideal özü tam olaraq saflığında qalır. Özü üçün yaşamaq, özünə qulluq etmək – Don Kixot bunu özü üçün ayıb hesab edərdi. Demək olar ki, o, özündən kənarda, başqaları üçün, qardaşları üçün, pisliyi məhv etmək, insanlığa düşmən qüvvələrə – sehrbazlara, nəhənglərə müqavimət göstərmək üçün yaşayır”, deyə yazıçı davam edir.
Turgenev Don Kixotu Hamletlə müqayisə edir. Onun fikrincə, bunlar iki fərqli insan tipidir. Don Kixot özünü bütün insanlar üçün fəda edən, dünyaya tamamilə açıq olan bir ekstravert, Hamlet isə, əksinə, özünə qapanmış, dünyadan izolyasiya edilmiş introvertdir. “Bütün insanlar az və ya çox bu iki növdən birinə aiddir; demək olar ki, hər birimiz bir qədər ya Don Kixot, ya da Hamletik. Doğrudur, dövrümüzdə Hamletlər Don Kixotlardan daha çoxdur, lakin Don Kixotlar da qalır”.
Məşhur psixoloq Dmitri Uznadze Hamletin introvertliyini tibbi cəhətdən əsaslandırır: “İradənin zəifliyi qərar qəbul etmə qabiliyyətində ümumi azalma şəklində də özünü göstərir. Bir insanın ən sadə qərarı belə verə bilməməsi halları ilə bağlı çox örnəklər var. Əlbəttə, kəskin formada ifadə olunan bu vəziyyət olduqca ciddi bir xəstəlik kimi qəbul edilməlidir: həmin xəstəlik abuliya (iradəsizlik) adlanır. Bu zaman xəstə ən sadə işi belə həll edə bilmir (məsələn, belə bir vəziyyət olub, soyunub yatmağa qərar vermədən əvvəl xəstə iki saat düşünüb).
Ancaq daha sadə bir şəkildə, həll etmə qabiliyyətində bir azalma halları normal insanlar arasında da tapılır. Onlardan birinin bədii portreti Şekspirin Hamletidir. Ümumiyyətlə, belə qərarsız insanlar asanlıqla başqasının iradəsinə tabe olurlar. Onda hər hansı bir məsələni nisbətən asanlıqla həll edirlər. Lakin çox vaxt onlarda belə qənaət yaranır ki, bu qərar sərbəst deyil, “mən”lərinin dərinliklərindən gəlmir, ancaq kənardan sırınır və bir növ məcbur edilir, hərçənd indi özlərinin istəyi kimi ifadə edilir”. D.Uznadze Hamleti bir psixoloq kimi təhlil edir və onun qətiyyətli hərəkət etmək əvəzinə tədəddüd etməsini “qısa qapanma effekti” adlandırır.
Don Kixotun yüksək standartlı dürüstlük meyarlarına sədaqət idealı onda sosial dezadaptasiya yaradıb. Sosial dezadaptasiya insanın sosial mühitin şərtlərinə uyğunlaşma qabiliyyətinin qismən və ya tamamilə itirməsidir. Don Kixot mövcud sosial mühitə sığmır. Onu dağıtmağa və istəyinə uyğun şəkildə yenidən qurmağa edilən sadəlövh cəhdləri təbəssüm doğurur, təkcə təbəssüm doğurmur, onu yeni mühitə adaptasiya olunmuş diribaşların rixşənd, əyləncə obyektinə çevirir. Sosial dezadaptasiya sosial mühitin şərtlərinə uyğunlaşmaq imkanlarını tam və ya qismən itirməkdir. Don Kixot konkret mikrososial şəraitdə öz pozitiv sosial rolunu həyata keçirə bilmir. Onun faciəsi gözəl niyyət və onun həyata keçirilməsi imkansızlığı arasında kolliziyadan doğur.
Buna baxmayaraq, Don Kixot hər zaman nikbindir, cəsarətlidir, çünki yer üzündə şəri yox etmək missiyası “alnına yazılıb”: “Mən Lamançlı don Kixotam, başqa cür desək, Aslanlar Cəngavəriyəm, qüdrətli göylər bu sərgüzəşti qələbə ilə başa çatdırmağı mənim qismətimə yazıb”.
Turgenevə bu obrazı sevdirən də məhz o idi. “İçində bir tatar ruhu olduğu üçün” bir yerdə bənd ala bilməyən, “qəhrəmanları da özünə bənzəyən” Turgenev üçün Don Kixot obrazı çox doğmadır. Onun rus ədəbiyyatnda “artıq adamlar” silsiləsinə daxil olan qəhrəmanları da mühitə sığmır, onu inkar edir, o mühitdə əriməkdənsə ölümü üstün tuturlar. “Ərəfə”dəki İnsarov, “Atalar və oğullar”dakı Bazarov və ”Rudin” povestindəki Rudin.
Don Kixotun “ağıl evinin sahmanda olmaması” iddiası
Bu qənaəti o mühitdə az qala hamı bölüşür. Sanki buna əsasları da var. Hər kəs, hətta yaxınları onu qiymətləndirmir, qürur duymur. Qraf, qrafinya kimilər onunla əylənir, təlxək kimi rəftar edir, yaxınlarının isə ona yazığı gəlir. Bakalavr Samson Karrasko Don Kixotu yeni səyahət fikrindən daşındırmaq üçün evlərinə gedəndə cəngavərin qulluqçusu bunları deyir: “Onu birinci dəfə bizə qaytaranda tamam əzişdirilmişdi, eşşəyin üstündə köndələn uzadılmışdı. İkinci dəfə onu qəfəsə salıb zəncirləyərək öküz arabasında evə gətirdilər, amma o, özünə təlqin edirdi ki, onu sehrləyiblər. Elə yazıq görkəmi vardı ki, doğma anası onu tanıya bilməzdi: avazımışdı, arıqlamışdı, gözləri heç görmürdü. Onu bir balaca özünə gətirmək üçün altı yüz yumurtanı canına yeritmişəm. Bir olan Allah-taalanı, bütün məhəlləni, bir də öz toyuqlarımı buna şahid çəkə bilərəm. Toyuqlarım bunu təsdiq edər”.
Don Kixot elə bir mühitdə yaşayır ki, şərtlərə öz mənafeyinə uyğun şəkildə adaptasiya qəhrəmanlıq sayılır. Bu mühitdə zəiflər yırtıcılara, namuslular əxlaqsızlara, biclər özündən daha bicə, əxlaqsızlar isə özündən daha əxlaqsıza nifrət yox, qibtə edir. “Sanço, zəmanəmizin məşhur şairlərindən birinə üz vermiş bir hadisəni yadıma saldı. O, bütün kurtizankalar haqqında tikanlı bir satira yazdı, amma onlardan birini xatırlatmadı və adını çəkmədi, buna görə də onun kurtizanka olub-olmamasına şübhə yarandı. O qadın isə adının siyahıya düşmədiyini görüb, şeir yazanı qınamağa başladı və soruşdu ki, o, bu qadında nə görüb ki, adını şeirə salmayıb və qadın tələb etdi ki, şair satiranı tamamlayıb onun haqqında da bir şeir yazsın, yoxsa şair guya dünyaya gəlməyinə peşman olacaq. Şair tələb oluna kimi etdi, qadın da bundan razı qaldı. Şərəfsiz olsa da, necə deyərlər, şərəfdir”. Don Kixota görə, səyyah cəngavərin əsas vəzifəsi, onun çiyinə düşən, ona yaraşan, layiq olan “yalanları süzəltmək, yetimlərə əl tutmaq, qızların namusunu qorumaq, dul qadınlara himayəçilik etmək, ərliləri himayə etmək və buna bənzər işlərdir” Don Kixot əmindir ki, cəmiyyətdə əxlaq pozğunluğu bu həddə çatıbsa, nəsə etməlidir. Çünki onun həyatı təkcə özünə yox, köməyinə və himayəsinə ehtiyacı olan bütün bədbəxtlərə məxsusdur.
Don Kixot və Sanço Pansa
Sanço Pansa Don Kixotun antipodudur. Don Kixot ucaboylu və arıq, Sanço qısaboylu və yekə qarınlıdır. Don Kixotun əsas arzusu yer üzündə şəri məhv etməkdir. Sanço Panza yatmağı və yeməyi sevir (adından da məlum: “panza” ispan dilində “qarın” demək imiş), qraf və qubernator olmaq istəyir, arvadı Teresa Pansanın qızılı karetdə gəzməsini istəyir. Qızı Sançika karetdə oturub papessa kimi yayxanmağı arzu edir. “Tüpürüm dünyada nə qədər sözbaz varsa, hamısına, təki yerim isti və rahat olsun”. Don Kixot cəsur, cürətli, güclü, enerjili, romantik, həm də fədakardır. Əsərin müəllifi kimi hesab edir ki, əsgər üçün qaçıb canını qurtarmaqdansa, döyüşdə ölmək daha şərəflidir. Sanço isə qorxaq, iradəsiz, zəif, praktik adamdır. «Məsnəvi»də nəql olunur ki, bir gün Məcnun dəvəni minib Leylini görməyə gedirmiş. O, dəvənin belində xəyallara dalır və yüyən boşalır. Dəvənin də fikri öz balasının yanında imiş. Yüyənin boş olduğunu görən dəvə başını döndərir öz evlərinə, balasının yanına. Məcnun baxır ki, dəvənin istəyi yerinə yetib. Bir neçə dəfə belə təkrar olunandan sonra dəvəni buraxır: «Sən mənim başımın bəlasısan. Sənin öz dünyan var, mənim öz dünyam, səninlə mənimki tutmaz». Dəvə burada insanı Allahdan uzaqlaşdıran hər şey mənasında işlənib. Servantesin Don Kixotu Məcnun, Sanço isə dəvəyə bənzəyir. Hidalqo xəyalpərəst-idealist, yaraqçı isə realist-materialistdir. Amma onlar birlikdə qəlb və ağılın dualistik simvoludur, deyə bəzi araşdırıcılar qeyd edir. Bu tərəflər müstəqildir. Onların hərəsi öz dünyasında yaşayır, eyni zamanda harmoniyadadırlar. Uzun müddət Don Kixotla birlikdə olduğu üçünmü və ya adada qubernatorluq vədinin təsiri iləmi – hər halda hidalqonun yaraqçısı və yol yoldaşı lamançlı cəngavərin qəlbinin dərinliklərinə az-çox bələddir: “Mənim ağam ürəyiaçıqdır, o heç kimə pislik etməyə qabil deyil. O yalnız yaxşılıq edir, məkr deyilən şeydən onda tük qədər də yoxdur. Hər bir uşaq onu günün günorta çağı inandıra bilər ki, bu saat gecədir, bax bu sadədilliyinə görə də mən onu canımdan artıq sevirəm və hər hansı sarsaqlığına baxmayaraq, istəsəm də, ondan ayrılıb gedə bilmərəm”.
Don Kixot ona da əmindir ki, özlərini cəngavər adlandıranların heç də hamısı tam mənada cəngavər deyil: “Bunların bəziləri xalis qızıldan tökülmüş olsalar da, bəziləri saxta qızıldandır. Baxanda elə bilirsən ki, hamısı cəngavərdir, əslində isə onların heç də hamısı həqiqətin məhək daşından keçə bilmir. Aşağı rütbəli elə adamlar var ki, cəngavər sayılmaq üçün lap dəridən-qabıqdan çıxır, nəcabətli cəngavərlər var ki, adi adamla uyğuşmaq üçün özlərinin astarını üzünə çevirməyə hazırdırlar: birincilər ya şöhrətpərəstlik üzündən, ya da xoş niyyətlərinə görə yuxarılara can atırlar, ikincilər isə aşağılara doğru ya zəiflik üzündən, ya da özlərinin eybliliyinə görə meyl göstərirlər. Gərək elə ağıl sahibi olasan ki, adına görə bir-birinə oxşayan, lakin hərəkət tərzinə görə bir-birindən fərqlənən bu iki növ cəngavərliyi ayıra biləsən”.
Don Kixot və azadlıq. Xoşbəxt adam kimdir?
Qəmgin cəngavər azadlığı ən böyük dəyərlərdən biri hesab edir. “Don Kixot qrafın sarayında Altisidoranın zarafatlarından xilas olub çölə çıxan kimi özünün əvvəlki sərbəstliyini hiss etdi. Hiss etdi ki, cəngavərlik işini davam etdirmək üçün onun canındakı qüvvələr yenidən baş qaldırmışdır”. O, bu hisslərini Sanço Pansa ilə bölüşür: “Sanço, göylərin insanlara bəxş etdiyi ən böyük səxavətlərdən biri azadlıqdır. Heç bir xəzinə onunla müqayisə edilə bilməz… Bir azadlıq üstündə, bir də onun qədər qiymətli olan namus üstündə ömrü təhlükə qarşısında qoymaq olar və lazımdır. Bunun əksinə, insana üz verən ən böyük bədbəxtlik əsarətdir. Sanço, mən bunları bax buna görə deyirəm: indicə tərk etdiyimiz bu qəsrdə, bizə necə qulluq etdiklərini və bizi necə bolluqla təmin etdiklərini özün gördün, bununla belə bütün bu dəsgahlı yeməklərə, sərinləşdirici içkilərə baxmayaraq mənə elə gəlirdi ki, guya aclıq əzabı çəkirəm, çünki mən bunların hamısını özümünkü kimi sərbəstcəsinə dadmırdım, bir də ki xeyirxahlıq və mərhəmətin insanın çiyninə qoyduğu borc yükü insan ruhunun azadlığını sıxan buxovlardır. Bəxtəvər o adamdır ki, göylər ona bir tikə çörək göndərir, o da bu çörəyə görə göylərin özündən başqa heç kəsə təşəkkür etməyə borclu deyil”. Bu epizod bir daha Don Kixot ilə Sanço arasında araşdırıcıların çox düzgün qeyd etdiyi diametral fərqli bir sıra məqamlarını da üzə çıxarır.
Kitab çox ağrılı bir sonlqula bitir
Qeyd edək ki, “Don Kixot”un birinci cildi çıxandan xeyli sonra – 1615-ci ildə əsərin saxta davamı çap olunur. Bu əsərin müəllifi Alonso Fernandes Avelyaneda olub. Məşhur rus yazıçısı Vladimir Nabokova görə, Servantesin ulu nənəsi Xuana Avelyaneda olub və saxta “Don Kixot”un müəllifi elə Servantes özü ola bilər. Amma dəqiq bir şey demək çətindir. Əslində bu iki əsər arasında ciddi üslub fərqi də var. V.Nabokov davam edir: “Digər bir detal: saxta “Don Kixot” romanında Dulsineyaya məhəbbəti soyuyan Don Kixot platonik məftunluğunu həqiqi adı Barbara Vilyalobos olan içalat və kolbasa satan iyrənc, tosqun, qalın dodaqları və yanağında çapıqı olan, gözləri zəif görən əlli yaşlı aşxanaçı Kraliça Zenobiyaya keçirir. Bu, Don Kixotun öz ideallarına xəyanəti idi. Nabokova görə, romanın sonunda gerçək Don Kixotla Avelyanedanın saxta Don Kixotu üz-üzə gəlsə, çox gözəl olardı. “Bu döyüşdə kim qalib gələrdi? Ekssentrik, gözəl ağıldankəm, yoxsa dələduz, sağlam və qabilliyyətsiz adam? Mən Avelyanedanın Don Kixotuna pul qoyardım. Çünki həyatda cılız adamlar dahilərdən daha çox uğur qazanır, aldatma həqiqi cəsarəti yəhərdən salır”. Amma Servantesin romanında Don Kixotu bakalavr Karrasko döyüşə çağırır. O, ikinci dəfə cəngavər geyimi geyinir (birinci döyüşdə məğlub olmuşdu). Şərt isə belədir: Don Kixot məğlub olsa, cəngavərlikdən əl çəkib evə qayıdacaq. Don Kixot bu dəfə məğlub olur, evə qayıdır, yatağa düşür və ömrü boyu prioritettlərinə sadiq qalan, tanımadığı kəslər üçün ölümə gedən cəngavər öz ideallarına xəyanət edir: “Bəsdir, senyorlar, təzə uçub gələn quşlar əvvəlki yuxularına sığınmırlar. Mən dəli olmuşdum, indi sağalmışam. Mən lamançlı Don Kixot idim, amma indi bir də deyirəm: Xeyirxah Alanso Kixanoyam”.
Don Kixotu müəllifin arzusu və pressinqi ilə iyrənc mühitin sıra nəfəri olmadığı üçün peşmançılıq hissi yaşayır. Əsərdə bu sözləri deyəndən sonra Don Kixotun 3 gün yaşadığını qeyd edir. Əslində isə hidalqo üç gün əvvəl – Don Kixotluqdan imtina edəndə ölmüşdü. Bu ağır qətl hadisəsini öz boynuna götürmək istəməyən Servantes qəhrəmanını “mavr, düşmən” Sid Əhməd Bin-İnhalinin əlilə öldürür. Bununla belə, hətta Sid Əhmədin sözlərində belə Don Kixota rəğbət aşkar sezilir, axırda kitabın yazılmasının məqsədi kimi bu möhtəşəm əsərin ümumi ideyasına xələl gətirən sözləri oxuyuruq. Demə, müəllifin məqsədi “cəngavərlik romanlarında təsvir olunan uydurma və cəfəng əhvalatlara qarşı nifrət oyatmaq” imiş. Sanki kimsə əsərin birinci cildində Don Kixotu rişxənd obyekti edən, ikinci cilddə isə daha çox sevdirən Servantesi öz qəhrəmanını öldürməyə məcbur edir… . Əslində Qəmgin Cəngavər ölümqabağı özünü xoşbəxt hiss etməli idi. Çünki sısqa vücudu ilə şərə meydan oxuyaraq, onu aradan qaldırmaq üçün əlindən gələni etmişdi.
…Servantesin hakimiyyəti və inkvizisiyanı qıcıqlandırmaqdan qorxduğu üçün əsəri belə bitirdiyi güman edilir.