Ru
13:20 / 30 Aprel 2024

Dünyanın diqqəti Bakıda: COP29-dan gözləntilər nədən ibarətdir? – Rəylər

9209
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP bu Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Qurumun Katibliyi Almaniyanın Bonn şəhərində yerləşir. Hər il dünyanın çox sayda ölkələrindən hökumət nümayəndələri toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün müzakirələr aparır, çağırış edirlər. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər isə Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. Hələlik sonuncu olan COP28 ötən il Dubayda keçirildi. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir oldu.

Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılmışdı. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib.

Məlum olduğu kimi, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşürdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürdü və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi.


COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb.


COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar.




Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COP29-a ev sahibliyinə yekdilliklə seçilib:


“Bu, bizim üçün çox böyük şərəfdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır. Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik. Hesab edirəm, Azərbaycanın beynəlxalq təmasları, əlaqələri, beynəlxalq təşkilatlardakı fəaliyyəti bizə imkan verəcək ki, körpüləri quraq, gücləndirək, müxtəlif qitələrdən olan ölkələr arasında həmrəyliyi də gücləndirək. Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Siz tamamilə haqlısınız ki, bizim dünyaya deyəcək sözümüz çoxdur”.


Bakı Olimpiya Stadionunda keçiriləcək Konfransda 197 üzv dövlət və Avropa Birliyi təmsil olunacaq.
COP29-un keçirilməsi dünyaya nümayiş etdirəcək ki, Azərbaycanın əsas gündəliyi “yaşıl” enerjilə bağlıdır, baxmayaraq ki, ölkə böyük neft və qaz istehsalçısıdır. “Yaşıl” enerji növlərinin yaradılması və “yaşıl” enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.



Millət vəkili Fatma Yıldırım deyir ki, Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün seçilməsi də ölkəmizin tarixi uğurudur:


“Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Azad olunmuş ərazilərimizdə bu istiqamətdə görülən işlər də COP29 üçün böyük töhfədir”.



İqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir:


“COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi təsdiqlənib. Nəzərə çatdırım ki, Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir”.



Millət vəkili Tahir Rzayev qeyd edib ki, bu gün dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də COP29-un yüksək səviyyədə keçirilməsidir. Çünki son illər dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr, iqtidasi əlaqələrin pozulması və dövlətlərarası münasibətlərdə ziddiyətlərin yaranması insanların həyatına ciddi təsir göstərib. Dünyada, artıq 800 000 000-dan çox insan aclıq içərisindədir. Eyni zamanda, 1600 000 000 insan ərzaq çatışmamazlığından əziyyət çəkir. Bunların hamısı atmosferə atılan qazların, meşə və yaşıllıqların məhv edilməsinin, ərzaq təhlükəsizliyinin təmin olunmasında yol verilən ciddi səhvlərin nəticəsidir. COP29 tədbirində iqlim dəyişikliyilə yanaşı dünyada mövcud olan bütün problemlər qabardılacaq və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulacaq. Ona görə də dünya həmin tədbirə böyük əhəmiyyət verir:


“Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan mühüm rol oynayır. Bununla yanaşı Azərbaycan atmosferin yaxşılaşdırılması və alternativ enerji mənbələrinin yaradılmasında dünyaya dəstək verməlidir. Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisinə dair layihənin başladılması çox yaxşı haldır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikilməsi də təqdirəlayiq addımdır. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə böyük külək və günəş elektrik enerji potensialı var. Bütün bunların hamısı və dünyada baş verən münaqişələrin aradan qaldırılması COP29-un əsas mövzularından olacaq. Ona görə də Azərbaycanda COP29 tədbirinin keçirilməsinə dair ciddi hazırlıq işləri gedir. Dünya ölkələri də Azərbaycanın bu tədbiri necə keçirməsində çox maraqlıdır. Biz əminik ki, Azərbaycan COP29-u yüksək səviyyədə həyata keçirəcək. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə təcrübəlidir. Ölkəmizdə indiyə qədər beynəlxalq səviyyəli idman oyunları, mədəni və digər sahədə tədbirlər həyata keçirilib”.




Millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, COP29 ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərinin dəyərləndiriləsi baxımından xüsusi əhəmiyyət daşıyır:


“Beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirməsi üçün mühüm platformadır. COP29 sammiti də ən yüksək səviyyədə təşkil olunacaq, səmərəli müzakirələr və qərarların qəbulu üçün hər cür şərait yaradılacaqdır. İqlim dəyişikliyi problemi təkcə dövlətləri deyil, bütün planeti əhatə edən çox ciddi problemdir. Azərbaycan COP29-u uğurla keçirmək və alternativ enerjini inkişaf etdirməklə bu qlobal bəlaya qarşı mübarizəyə töhfə verəcəkdir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi onun beynəlxalq nüfuzunun güclənməsi, xarici investorların diqqətinin Azərbaycana cəlb edilməsi baxımdan əhəmiyyət kəsb edir”.




Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir:


“ Bakı zəngin ölkələrin istiləşməyə daha az töhfə verən, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yoxsul ölkələrə necə maliyyə yardımı göstərilə biləcəyi ilə bağlı ortaq nöqtələrin tapılacağı yerdir. Bakı konfransı mədən yanacaqlarından imtinaya dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. Bu payız toplantısı ölkələrə 2025-ci ildə istixana qazı emissiyalarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün birləşməyə kömək etməlidir. Biz Bakıya inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü kimi baxırıq”.

Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar