Ru
14:13 / 16 Avqust 2024

Düymə

9221
Vasif Əlihüseyn
Şair, jurnalist


Bir müddətdir ki, telefonumun düyməsi düşüb və onu ancaq diş çöpüylə söndürüb-yandırıram. Bir az belə şeylərdə səhlənkaram, yolüstü ustaya dönüb ona bir düymə qoydurmuram ki, rahat işləsin. Ciblərim diş çöpüylə doludu.

Hər dəfə telefonunun düyməsi düşüb deyəndə nənəm Düymə yadıma düşür. Atamın dayısıgildə qalırdı, yəni oğlugildə. Amma hər gün gəlib nənəmə, yəni qızına baş çəkirdi. Hər dəfə də nənəmgilə gələndə qurşağında bizə meyvə, konfet gətirərdi. Gözləri yaxşı görmürdü, yaşlı idi, yanıma çatanda deyirdi ki, bala, sən kimsən? Deyirdim ki, Vasifəm. Onda qucaqlayıb öpürdü, qurşağında nə olsa, çıxardıb verirdi.

İndi deyəcəksiniz ki, qurşağ nədir? O vaxt yaşlı qadınlar bellərinə şal bağlayardılar, onun ön hissəsinə isə uşağa verməyə şirniyyat və ya meyvə qoyardılar. İndiki qadınların belində o şalı görməzsiniz. Əsasən, kənd yerlərində bağlayırlar bunu. Şalın ön hissəsindəki o yerə qurşağ deyirdilər.


Düymə nənəm mən əsgərlikdə olanda dünyasını dəyişdi. Əmimə zəng vurub Düymə nənəmin vəfat xəbərinə görə ağladım. Tərxis olunmağıma 10 gün qalmışdı ki, gördüm atam hərbi hissəyə gəlib. Komandirimlə danışıb məni məzuniyyətə aparmaq istəyirdi. Amma nəsə icazə vermədilər. Dedilər ki, əmri çıxıb, on günə evə buraxılacaq ona görə məzuniyyət verə bilmərik. Atam onda dedi ki, Rusiyadan əmin gəlib ona görə səni məzuniyyətə aparmaq istəyirəm.

Əsgərlikdən tərxis olunub evə gələndə isə birbaşa ata nənəmgilə gəldim. Həyətə girəndə gördüm ki, nəsə tör-töküntü var həyətdə. Hamı mənlə görüşdü və gördüm ki, atamın anası, nənəm Bağdagül məni qarşılamadı, axı beş ay öncə məzuniyyətə gələndə məni görmək üçün özünü pəncərədən həyətə atmışdı. Onda rəhmətlik anam qarşıma çıxıb dedi ki, nənə ölüb. Sonradan yadıma düşdü ki, atam məni nənəm öldüyü üçün məzuniyyətə gətirmək istəyirmiş.

Ondan sonra daha dadı-duzu qalmadı nə o şirniyyatların, nə də o meyvələrin.

İndi məzarlarını ziyarət edirəm. Hamı burdadı, nənələrim də, babam da, anam da...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar