Xəbər verdiyimiz kimi, ikisi azyaşlı olmaq 5 ailə üzvünün qətlində ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsaslı hesab edib. Yekun qərarla, Əhməd cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.
Bəs, xəstəxanada onun müalicəsi necə aparılacaq? Müalicədən sonra yenidən azadlığa çıxa bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bakupost.az –a açıqlama verib.
Onun sözlərinə görə, məhkəmənin qərarı düzgündür:
“Qərar iradəli, iradəsiz törədilən cinayətlərə görə verilir. Şizofreniyadan əziyyət çəkənlərdə iradə problemi olur. Onlar öz hərəkətlərinə tənqidi yanaşa bilmirlər, ağır xəstələrdir. Bu cür şəxslər müalicə olunmalıdırlar. Törətdikləri əməllər cinayət ola bilər, amma faktiki olaraq onlar xəstədirlər. Xəstə kimi özlərini də, başqalarını da öldürə, ziyan verə bilərlər. Xəstəlik amili onlara cəza verməyə imkan vermir”.
Əhmədin Maştağada ixtisaslaşmış psixatriya xəstəxanasında müalicəsindən danışan partiya sədri bildirb:
“Xəstəxanadakı xəstələr iki yerə bölünür. Çox aqressiv olanlar və nisbətən sakit olanlar. Aqressiv olanlar üçün xüsusi rejim var. Əl-qolları bağlı şəkildə saxlanılırlar, onları çarpayıya bağlayırlar və s. Bu cür təhlükəli şizofreniya xəstələri xüsusi qaydada, ayrı saxlanılırlar. Onlar özlərinə də, həkimə də, başqalarına da ziyan vura bilərlər. Bunun üçün lazım olan tədbirlər görülür”.
S.Cəlaloğlu qeyd edib ki, ruhi xəstələrdə remissiya deyilən dövr var. Yəni müəyyən dövrdə onlar normallaşır, yenidən normal həyata başlayırlar:
“Tarixdə bir çox məşhurlar, filosoflar, dahilər arasında da ruhi xəstələr olub. Onlar birdəfəlik sağalmırlar. Sakitlik dövrləri olur. 5 aydan, 1-2 ildən sonra buraxıla bilərlər. Amma elə xəstələr var ki, heç zaman buraxılmırlar. Ruhi xəstəliklərin müxtəlif formaları var. Eləsi var ki, onu buraxırlar”.
Aygün
BakuPost