Ru
11:32 / 23 Sentyabr 2024

Elə kədər və ölüm var ki, xoşbəxtlik gətirir, milli bayrama çevrilir...

898









Şölət Zeynalov

Fəlsəfə üzrə fəlsəfə doktoru


Şəhid Əkrəm Faiq oğlu Kəlbiyevin timsalında Antiterror şəhidlərinin əziz xatirəsinə


Antiterror əməliyatının nəticəsi olaraq ölkəmiz özünün SUVERENLİYİNƏ qovuşdu.


Elə kədər və ölüm var ki, bu kədər xoşbəxtlik gətirir, milli bayrama çevirilir. Elə kədər və ölüm var ki, bu kədər ən böyük səadətin mayakı, ən böyük nurun işığı olur. Məhz o millətlər ucalır ki, onun dahi Liderləri olur, vuruşmağa Qəhrəmanları doğulur.


Bu Ucalığı yaradan, doğan Anaların qarşısında hətta Tanrının yaratdığı bütün canlılar da baş əyir! Qədim yunan əfsanələrində belə Qəhrəmanlar İlahlar, tanrılar adlanırdı…


Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Biz və bizim övladlar, gələcək nəsillər onlar haqqında, onların şücaətləri, qəhrəmanlıqları, yaratdıqları əfsanələr, dastanlar haqqında hələ çox-çox əsrlər boyu danışacaqlar, Onlar tarix yazdı, Onlar Ali Baş Komandanın əbədiyaşar qartalları idilər. Mən heç bir Şəhid anasının dərdinə məlhəm olacaq ən qüdrətli və təsəlliverici söz demək iqtidarında deyiləm. Ancaq onların hamısı elə oğullar dünyaya gətirib ki, elə asalanlar doğub ki, onlar ƏBƏDİYYƏT qazandılar. Tarix yazdılar, yaratdılar.


Biz ölümün, müharibələrin qarşısını almaq iqtidarında olmasaq da, bizim ata-babalarımız tarixən həmişə düşmənlə ləyaqətlə vuruşublar, qalib gəliblər. Mərd olublar, mərdlik və şöhrət dastanları yaradıblar. 44 Günlük Vətən Müharibəsi erməni terrorizminin belini qırdı, amma əfi ilan hələ sona kimi məhv edilməmişdi. Keçən 3 ildə onlar çox terror hadisəsi törətdilər, insanımız, əsgərimiz şəhid oldu. Üç il sonra növbəti təxribatların birində Ali BAŞ Komandandan əmr gəldi, İrəli Əsgər, - dedi!!! Bu əmrin nəticəsi olaraq terror yuvasına son qoyuldu, Vətən azadlığına, Suverenliyinə qovuşdu.


Bu Azərbaycan xalqının Şərəf tarixi idi. Onlar öz ölməz ölümləriylə əbədi səadətə tapdılar, Şəhadətə qovuşdular, Əbədiyyət qazananlardır.


Xankəndidə Bayrağımız ucaldı! Söz onların qəhrəmanlıqlarını vəsf etməkdə, yaratmaqda acizdirlər.


Cənuba - Biləsuvara tərəf yol gedirəm. Əmim qızı Yenigülün oğlu - Əkrəm Faiq oğlu Kəlbiyevin Şəhadətinin birinci ildönümüdür. O, Antiterror əməliyyatı Qartallarından biri idi. O, bu yolu seçərkən artıq bilirdi ki, Şəhidlik şərbətini içmək üçün gedir, Onun Əmisi Şaiq Kəlbiyev də 1993-cü ildə Birinci Qarabağ savaşında qəhrəmancasına şəhid oldu. Yalnız bu ailədən - nəsildən Qarabağ uğrunda qəhrəmanlıq salnaməsi səhifəsində beş şəhidin qızıl hərflərlə yazılan adı var. Belə ailələr Azərbaycanda yüzlərlədir, minlərlədir, bütün bu şəhadətlər sübut edir ki, Azərbaycanımız əbədi yaşayacaq, əbədi var olacaq.


Birinci Qarabağ müharibəsi Qəhrəmanı Şaiq Kəlbiyev haqqında internet resurslarında kifayət qədər məlumatlar, qəhrəmanlıqları barədə dastanlar var. Əkrəm Kəlbiyev başqa yolu seçə bilməzdi, belə qəhrəman əminin qardaşı oğlu məhz qəhrəman olmalı idi. Əkrəm Kəlbiyevin dayısı Natiq Zeynalov da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Məhz Natiq Zeynalovun oğlu İlqar Natiq oğlu Zeynalov da həm atası Natiqin, həm də cəsur döyüşçü, qəhrəman Şaiq Kəlbiyevin yoluyla getdi. Hərb onun, onların, Azərbaycan Əsgərinin taleyi idi. O, Baş leytenant kimi, Suqovuşanda xidməti vəzifəsini yenilməzlik əfsanəsi yaradan Milli Qəhrəman Mübariz İbrahimovun keşik çəkdiyi postda həyata keçirirdi. İlqar Zeynalov 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid oldu, onun komandiri olduğu əsgər yoldaşları sona kimi vuruşdular. Qalib gəldilər. Cəmi 44 gündə Azərbaycan ordusu Bütün Şəhidlərimizin qisasını aldı, Qarabağ azadlığa qovuşdu. Antiterror əməliyyatı zərurət idi, bu zərurətin son məqsədi, son amalı Suverenliyin bərbası idi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.


Əmim qızı Yenigülə nə demək istərdim? Bacım, başın sağ olsun, Qardaşın oğlu İlqar da, dayın oğlu Şaiq də, gül balan Əkrəm də indi Cənnətdədirlər, biz var oluşumuzu, yenidən doğulmağımızı onlara borcluyuq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar