Əməkdar jurnalist, "LAF" TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Afət Telmanqızı 7 noyabr 1975-ci il Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.
Ali məktəbdə oxuduğu illərdə - 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri " Hürriyyət" qəzeti olub.
2000-ci illərdə " Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. "Hazırcavab oğlan", " Qaraçılar", " Dünyanın qan damarı", " Zamanın yarası" və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-də təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb.
ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və "Real İntervyu" verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM- ə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb.
2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.
Elnur, BakuPost