Xəbər verdiyimiz kimi, iş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
Bakupost.az xəbər verir ki, bununla bağlı "German hospital"ın direktor müavini Səftər Əliyev Oxu.Az-a açıqlamasında bildirib.
"Dünən kütləvi informasiya vasitələrində məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradıldı və aparılan araşdırmalardan sonra məlum oldu ki, həmin videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. Dərhal onlar kadrlar şöbəsinə dəvət olundular, izahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı. Yəni bütün bu araşdırmalar tam yekunlaşdırılıb, qərarlar qəbul ediləndən sonra müəyyən olunacaq ki, həkimlə əməkdaşlığımızı davam etdirəcəyik, yoxsa yox?" - deyə S.Əliyev bildirib.
"Bununla paralel olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bizim müəssisəyə plandankənar yoxlama açdı və bu gün biz bütün sənədləri onlara təqdim edəcəyik. Onlar bizim əməkdaşlarla görüşlər keçirdilər, profilaktik söhbətlər apardılar, nizam-intizam qaydalarının pozulması barədə məlumat verdilər. Artıq növbəti qərarları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qəbul edəcək", - deyə direktor müavini əlavə edib.