Ru
14:49 / 28 Fevral 2025

Ən böyük bədbəxtlik

Ən böyük bədbəxtlik
Eye 3423

Elçin Zahiroğlu

Azərbaycanda ən böyük bədbəxtlik, ən böyük şanssızlıq bilirsiz nədir? Xəstələnmək və həkimə getmək!

Səbəb?
Birinci. İki ay əvvəl yaxın qohumumu kəskin “ürək ağrısı”yla ölkənin ən yaxşılarından hesab edilən Mərkəzi Gömrük Xəstəxanasına apardıq. Əvvəlcə mədəsindən şübhələnib, bir torba dərman yedirtdilər, hətta səhərə qastroskopiya (zond udmaq) yazdılar. 

Nəticə olmadığına görə, “hər ehtimala” anju (Koronar Angioqrafiya) elədilər və həkim böyük həyəcanla xəstənin vəziyyətinin çox ağır, təcili açıq əməliyyata ehtiyac olduğunu dedi. Hətta əməliyyata kimi ölmək riskini də qulağıma pıçıldamağı yaddan çıxarmadı: “Bütün damarlar sıradan çıxıb, hamısı xəstədir!” 

Ağlımıza gəlməyən cavab bizi çökdürdü. Böyük faciədi! 50 yaşlı, ilk dəfə ürəyindən şikayət edən adam indi “ölüm ayağında”dır. Gecə yarısı qohum-qardaş xəstəxanaya axışdı, hazırlıq gördük, hətta hər ehtimala qan da aldıq. Bilirsiz, sonra nə baş verdi? Xəstə nə həkimlərin sözünə, nə bizim təkidlərimizə baxdı, dava-qırğınla, ağrıdan qovrula-qovrula anjunun videosunu güclə həkimlərdən aldı və başqa kardioloqlara göndərdi.

Çox keçmədi, əməliyyat otağında, düz narkoz vurulan anda həkimlərdən cavab gəldi: əməliyyata ehtiyac yoxdur! Axmaqlar onun sinəsini qırxsalar da, kəsməyə macal tapmadılar. Biz xəstəni xəstəxanadan sözün əsl mənasında qaçırtdıq, cavab yazan həkimin çalışdığı xəstəxanaya apardıq, orda sadəcə, stend qoyuldu və hər şey geridə qaldı - Gömrük Xəstəxanasına nifrətdən, keçirdiyimiz stressdən başqa...

İkinci. İki gün əvvəl qardaşımın qarın boşluğunda kəskin ağrılar başlayıb, yaxında olduğuna görə Abşeron Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər əvvəlcə “adi soyuqdəymədir” deyiblər, KT edəndən sonra “diaqnoz” 180 dərəcə dəyişib, olub appendisit. Təcili əməliyyat yazıblar, qardaşımsa eynilə qohumum kimi tərslik edib, əməliyyat üçün vaxt istəyib. Həkimlər evə buraxmaq üçün dilindən iltizam alıblar.
Oranın baş həkimiylə danışdım, maraqlandı, doğrudan da əməliyyata göstəriş olduğunu dedi və biz səhərə əməliyyat planlaşdırdıq: “İnşallah, sabaha qədər partlamaz”. 

Amma qardaşım səhəri gözləməyib, ordan çıxan kimi üz tutub 1 saylı Kliniki Tibbi Mərkəzə. Necə olubsa, qardaşımın bağırsağı orada özünü başqa cür aparıb, UZİ onu sağlam göstərib. Cərrah deyib ki, bu bağırsağı qəti kəsmək olmaz...  

İndi qardaşım evdədir, mənə baxıb qımışır, bilirəm, ürəyində mənə nələr deyir. Əslində, özüm də özümə onun dediklərindən 10 qat artığını deyirəm. Onu əməliyyatdan imtina etdiyi üçün danladığıma görə xəcalət çəkirəm. 

Bunlar qısa vaxtda təkcə mənim yaxınlarımın başına gələn dəhşətli hadisələrdir. Əminəm ki, Azərbaycanda hər kəsin buna oxşar, bəlkə bundan da dramatik hekayələri var. 

Son vaxtlar üzləşdiyim bu iki hadisə məni rahat buraxmır, düşünürəm ki, görəsən, indiyə kimi boş-boşuna neçə adımın sinəsini yarıb, ürəyinə bıçaq çəkiblər? Neçə adamın sağlam bağırsağını kəsiblər? Neçə adamın heç nədən pulunu alıblar və ya bu cür göstəriş olmayan xəstələri əməliyyat etməklə büdcədən nə qədər pul qatlayıblar? İnsan qanına susamaq buna deyilmirmi?

Ona görə də nə qədər ki səhiyyəmizdə bu cür başıpozuqluq var, nə qədər ki bu sahə insanlıqdan qısırların, kriminal dəstənin, adamyeyənlərin nəzarətindədir, heç vaxt bir həkimin diaqnozuyla hərəkət etməyin, hətta o həkim ən yaxınınız olsa belə, ərinməyin, bir neçə yerə müraciət edib sonra qərar qəbul edin.

Qan analizlərinizi də bir laboratoriyaya etibar etməyin, orda da bağırsaq həvəskarları həddən artıq çoxdur.

Sağlamlıq zarafat deyil, səhiyyənin böyükləri - TƏBİB, Səhiyyə Nazirliyi pasiynetlərə “kliyent” kimi baxsa da...

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar