Ru
11:22 / 18 Mart 2025

Endokrinoloji Mərkəzin rüşvət alan vəzifəli şəxslərinə cinayət işi açıldı

Endokrinoloji Mərkəzin rüşvət alan vəzifəli şəxslərinə cinayət işi açıldı
Eye

Respublika Endokrinoloji Mərkəzinin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.


"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, daha öncə yayılan məlumatda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başladığı, müvafiq şikayət əsasında artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparıldığı bildirilirdi. Qeyd olunurdu ki, yoxlamalara cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar