Xəbər verdiyimiz kimi, Azərbaycan bayrağı altında üzən 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib. Qeyd edək ki, gəmilər “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan filialına məxsusdur.
Hadisə ilə bağlı şirkətdən
Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki,"CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Bakıdan 19 sentyabr 2024-cü il tarixində çıxaraq BƏƏ-nin Abu Dabi şəhəri yaxınlıqında baş tutacaq layihə işlərinə cəlb olunması məqsədi ilə həmin istiqamətdə hərəkət ediblər:
"Gəmilər Süveyş kanalını keçdikdən sonra Yəmən dəniz nəqliyyatı agentliyindən aldıqları təlimata əsasən, (həmin ölkənin sularında hərbi risklər olduğuna görə) 7 noyabr 2024-cü il tarixində Eritreya dövlət sularına yönləndirilib. Onlar digər gəmilərlə birlikdə Eritreyanın dövlət sularında hərəkətini davam etdirərkən, adı çəkilən ölkənin sahil mühafizə qoşunları tərəfindən saxlanılıb. Gəmilər sahilə yaxın təyin olunmuş zonada lövbərdə dayandırılıb. Qeyd olunub ki, onlar “araşdırma bitənədək” saxlanılacaqlar".
Şirkətdən bildirilib ki, gəmidəki heyətin 2 ay ac-susuz saxlanılmaları haqqında məlumat qeyri-dəqiqdir:
"Gəmilər daim ərzaqla təmin olunub. Gəmilərdə olan 18 Azərbaycan və 6 əcnəbi vətəndaşın telefonları hərbiçilər tərəfindən alınsa da, gəmilərlə daimi əlaqə var, heyət üzvlərinin hamısı normal durumdadır, onlara vaxtaşırı ailə üzvləri ilə əlaqə üçün şərait yaradılır.
Yuxarıda göstərilənlərdən əlavə olaraq bildirmək istərdik ki, gəmilərin saxlanılmasından dərhal sonra Dövlət Dəniz Agentliyinə məlumat verilib. Daha sonra bir neçə gün ərzində XİN-ə, sığortaçı şirkətlərə müraciətlər olunub, məsələnin həlli üçün Eritreyada yerləşən İngiltərə hüquq şirkətləri işə cəlb olunub, Eritreya rəsmiləri ilə danışıqlar aparılıb. Əldə olunan məlumatın məhdud olmasına baxmayaraq, məlum olub ki, gəmilərin saxlanılmasının yeganə səbəbi onların güya icazısiz olaraq Eritreya sularına daxil olmasıdır. Qeyd edilib ki, gəmilərin azad buraxılması yalnız Eritreya dövlət orqanlarının apardığı araşdırma bitəndən sonra mümkün olacaq. Dəqiq tarix deyilməsə də, araşdırmanın tezliklə bitəcəyi bildirilir".
Lalə Novruz, BakuPost