“2024-cü ilin noyabrında Ermənistan Asiya İnkişaf Bankı ilə büdcə kəsirinin maliyyələşdirilməsi üçün 90 milyon avro məbləğində kredit sazişi imzalayıb. Daha sonra dekabrda eyni məqsədlər üçün OPEK-in Beynəlxalq İnkişaf Fondundan 50 milyon avro kredit götürülüb. Göründüyü kimi, Paşinyan hökuməti hər yerdən kreditlər toplayır, qrantlar dilənir və bu, Ermənistan iqtisadiyyatının görünməmiş artımı ilə bağlı tərifli bəyanatlarla heç də uyğun gəlmir”.
Bu fikirləri
Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Ermənistanda dövlət borcu ÜDM-in təxminən 50 faizini təşkil edib, 2025-ci ildə isə bu göstərici 53,5 faizə yüksələcək. Bu, 12,5 milyard dollar deməkdir:
“Spekulyativ gəlirlərin çökməsi ilə dövlət borcu 60 faizlik kritik həddi tez keçəcək və ona xidmət göstərmək çətinləşəcək. Artıq büdcənin 11 faizdən çoxu buna sərf olunur. Kreditlər inkişaf məqsədləri üçün deyil, dövlətin cari xərclərindəki boşluqları aradan qaldırmaq üçün istifadə olunur. Başqa sözlə, düşünülməmiş şəkildə istehlak edilir. Yeni borclar köhnə öhdəlikləri əhatə edir. Ermənistanda istehlak stimullaşdırılır, mənzil və yol tikintisi aparılır, amma bir dənə də olsun, böyük müəssisə tikilməyib. Erməni hökmdarlarının beynində kritik vəziyyətdə defolt elan etmək və borcun əhəmiyyətli dərəcədə silinməklə restrukturizasiyasını tələb etmək ideyası gizlənir. Ən azı silah və texnikanın alınması üçün Rusiyanın verdiyi 300 milyon dollarlıq hərbi krediti, o cümlədən İkinci Qarabağ müharibəsi ərəfəsində və illərində tədarük olunan texnika və sursat üçün 1 milyard dollardan çox vəsaiti qaytarmaq barədə düşünürlər”.
Politoloqun sözlərinə görə, yaxın vaxtlara qədər kreditorlar və beynəlxalq maliyyə institutları müflis olan ölkələrə xilasetmə proqramları vasitəsilə maliyyə bataqlığından çıxmağa kömək edirdilər. Lakin Yunanıstan, Argentina kimi dövlətlərin fırıldaqçı və məsuliyyətsiz davranışı beynəlxalq maliyyə institutlarını borclulara münasibətini sərtləşdirməyə sövq etdi:
“Deməli, Ermənistanın zahirən çiçəklənən maliyyə-iqtisadi vəziyyəti çox kövrəkdir və beynəlxalq vəziyyət pisləşərsə, o, asanlıqla çökə bilər”.
Sevinc,
BakuPost