Xəbər verdiyimiz kimi, iyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bakupost.a z-a açıqlamasında politoloq Samir Hümbətov ermənilərin mövqelərimizi atəşə tutumasını təsadüf hesab etmədiyini deyib.
O xatırladıb ki, Avropa Siyasi Birliyinin dördüncü sammitində Ermənistanın baş naziri Azərbaycan prezidentiylə görüşdən imtina etdi:
"Bu əslində onu göstərir ki, Ermənistanı hansısa güclər buna təhrik edir. Yəni, onu Azərbaycanla danışıqlardan çəkindirir, təmaslardan uzaq tutmağa çalışır”.
S.Hümbətovun sözlərinə görə Paşinyanın görüşdən imtina etməsi onun hakimiyyətinə dəstək verən qüvvələrin planlarına daxil ola bilər:
“Artıq bir neçə müddətdir ki, Ermənistan tərəfi mövqelərimizi atəşə tutur. Düşünürəm ki, bu "missiya" Ermənistan ordusu daxilindəki bəzi qüvvələrin sərəncamına verilib. Yəni həm ölkə daxilindən, həm də ölkə xaricindən gələn təlimat əsasında atəşkəs pozulur. Ona görə də düşünürəm ki, Ermənistanın bu addımı açıq şəkildə Azərbaycanı təxribata çəkmək cəhdləridir. Bunun arxasında duran daha böyük plan Azərbaycanda keçiriləcək COP29 sammitiylə bağlıdır. Hesab edirəm ki, mövqelərimizin atəşə tutulması halları noyabr ayına qədər davam edə bilər”.
Vasif Əlihüseyn
BakuPost