"Ermənistanın Azərbaycanla gələcək münasibətləri və sülh müqaviləsi ilə bağlı mövqeyi çox ziddiyyətlidir. Onlar bir tərəfdən Qarabağ məsələsinin bitdiyini, Azərbaycanın güc olaraq öz hüquqlarını müdafiə etməyi bacardığını görür, digər tərəfdən isə indi olmasa da, sonrakı dövrlər üçün Azərbaycana qarşı iddialarını rəsmiləşdirmək istəyirlər. Yaxud Ermənistan rəsmiləri sülh müqaviləsinin imzalanması üçün Azərbaycanı tələsdirirlər, ancaq eyni zamanda mövqelərimizi atəşə tutur, hərbi təxribata əl atırlar. Konstitusiyanı dəyişəcəklərini bildirirlər, amma əvvəlcə sülh müqaviləsini imzalamaq istəyirlər. Bu, yolverilməzdir. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var".
Bunu millət vəkili Aydın Mirzəzadə Bakupost.az-a deyib.
Onun sözlərinə görə, heç kim zəmanət verə bilməz ki, Ermənistan sülh müqaviləsi imzalayandan sonra konstitusiyanı dəyişməkdən imtina etməyəcək:
"Onlar sülh müqaviləsi imzalanmadan kommunikasiyanın açılmasını təklif edirlər. Çünki özlərini izolyasiyaya salıblar. Azərbaycanın imkanlarını görürlər, bu imkanlarda öz yerlərini tutmağa çalışırlar. Lakin onlar konstitusiyalarını, eyni zamanda ona bağlı olan qanunları dəyişməsələr, ATƏT-in Minsk Qrupu buraxılmasa, sülh müqaviləsi imzalanmayacaq və itirilən hər gün Ermənistan üçün böyük itkidir. Bu, onun dövlətçiliyinin, iqtisadi imkanlarının zəifləməsidir. Bu, dünya arenasına çıxmağın gecikməsidir".
Sevinc,
BakuPost