“Kənd təsərrüfatı ölkəsi olan Azərbaycanda ət idxalının artması təəccüb doğurur. Bu, ölkədə yerli istehsalın lazımi həcmdə olmamasının təzahürüdür. Ölkədə daxili bazarın təmin olunması üçün kənd təsərrüfatı sektorunun böyük potensialı var. Bu potensialdan istifadə olunmalıdır. Problemin həlli istiqamətində hökumətin iqtisadi bloku müvafiq tədbirlər görməlidir”.
Bunu
Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.
Onun dediyinə görə, bəzi sahibkarlara əti istehsal etməkdənsə, idxal etmək daha sərfəlidir:
"Çünki heyvandarlıqla bağlı müəyyən məhsullar - dərman preparatları, peyvəndlər var ki, onlar xaricdən alınır. Bir heyvanın ərsəyə gəlməsi, yem bazaları ilə təmin edilməsi, otlaq sahələrinin artırılması çətin prosesdir. Azərbaycanda əhalinin və ölkəyə gələn qonaqların sayının artması ətə olan tələbatı artırır. Buna görə də sahibkarlar əti Gürcüstan, Rusiya və digər ölkələrdən idxal etməyə üstünlük verirlər. Bu, onlara daha ucuz başa gəlir”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, heyvandarlıq sahəsində ciddi problem var:
"Azərbaycanda get-gedə heyvanların baş sayı azalır. Son 10 ildə 1 milyon 800 min başa qədər xırda buynuzlu heyvanların, 240 min başdan çox da iri buynuzlu heyvanların sayı azalıb. Bu ondan xəbər verir ki, ölkədə həm örüş sahələri, həm də yem istehsalı azalıb. Əgər yüksək keyfiyyətli, qüvvəli yem istehsal olunmasa, heyvandarlıqda ət istehsalı artmayacaq. Ətin maya dəyəri hər dəfə artacaq. Eləcə də qiymətlər artacaq. Digər tərəfdən ölkədə 10 milyon ton ot istehsal olunmalıdır, amma 4,7 milyon ton istehsal olunur. Bu o deməkdir ki, əgər ot yoxdursa, ət də yoxdur. İndi xarici ölkələrdən daha çox ət gətirilir".
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir:
"Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50 faizə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edir. Yem bitkilərinin məhsuldarlığı ildən-ilə aşağı düşür. Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar".
Sevinc,
BakuPost