Ru
12:11 / 25 Sentyabr 2024

"Ev tapşırıqları asan olmalı və azaldılmalıdır" - Ekspert

842
“Dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər vəsaitlərin çoxluğu təhsilimizin əsas problemlərindən biridir. Bu gün bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək edə bilmirlər. Müəllimlər deyir ki, ev tapşırığının məqsədi dərs zamanı keçilən yeni mövzunun daha yaxşı mənimsənilməsi və yadda saxlanmasıdır. Fikrimcə, proqram materialı əsasən, dərs prosesində mənimsənilməlidir, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret tapşırıqlar verilməlidir".




Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil ekspert Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişafına müsbət təsir göstərməlidir. Müəllim mövzuya aid olan asan tapşırıqlar verərək şagirdi oxutdura bilər.

Nadir İsrafilov qeyd edib ki, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir:

“Şagirdlərə daha çox tapşırıq verildikcə, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyl də itəcək”.

N.İsrafilovun dediyinə görə, təəssüf ki, bizim məktəblər hələ ki ev tapşırıqlarından imtina etməyə tam hazır deyil:

“Nə qədər ki, şagirdlərimizə mövzunu məhz dərsdə​ tam mənimsətməyi örənməmişik, ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik.​ Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar