Kult film seriyasından olan "Evdə tək" filmindəki məşhur malikanə 5,5 milyon dollara satılıb.
Bakupost.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
İllinoys ştatında yerləşən mülk Tim və Tricia Consonlar-a məxsus idi. 2024-cü ilin may ayında onlar evi satışa çıxarıb və bir ildən az müddət ərzində alıcı tapdılar.
TMZ-nin məlumatına görə, Consonlar bu sövdələşmədən yaxşı qazanıblar. Onlar malikanəni 2012-ci ildə 1,5 milyon dollara alıblar. Tabloid qeyd edir ki, "Evdə tək" filmində yalnız evin xarici görünüşü çəkilib. İnteryerdə çəkiliş üçün kifayət qədər yer olmadığından Makoley Kalkinin baş rolda olduğu komediyanın yaradıcıları filmin interyer səhnələrini yaxınlıqdakı tərk edilmiş məktəbdə yaradıblar.
Consonlar evdə təmir işləri aparıblar. Onlar evi genişləndirib və yenidən qurublar, lakin filmdən tanınan vacib detallar qorunub saxlanılıb. Hazırda evdə beş yataq, altı hamam otağı, kinoteatr və qapalı idman meydançası var.
Lalə, BakuPost