Ru
16:45 / 04 Oktyabr 2024

"Evimizi başımıza uçururlar" - “Kubinka”da "Vialon” MMC ilə sakinlər arasında qarşıdurma - VİDEO

"Evimizi başımıza uçururlar" - “Kubinka”da "Vialon” MMC ilə sakinlər arasında qarşıdurma  - VİDEO
9555

Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə yerli sakinlərlə “Vialon” MMC-nin rəhbərliyi arasında qarşıdurma yaşanır. Buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır. Sakinlərin bir qismi verilən məbləğın həddən artıq az olduğunu əsas gətirərək, evlərini satmaqdan imtina ediblər. Şirkət isə onları evlərindən zorla çıxarmaq istəyir.

Bu barədə Bakupost.az -a Cəlil Məmmədquluzadə, dalan 2, ev 6 ünvanında yaşayan Yurşimova Milka Lələ qızı bildirib.




Onun sözlərinə görə, problem iki il əvvəl yaranıb və hələ də davam edir:

"Mən 1967-ci ildən burada yaşayıram. 4 uşağım bu evdə dünyaya gəlib, böyüyb. İndi hər kəsin ailəsi var. Oğlum Binəqədidə kirayədə yaşayır. Özümün 74 yaşım var və 1983-cü il təvəllüdlü serebral iflic xəstəsi olan qızımla bir yerdə qalıram.

İki il əvvəl “Vialon” MMC şirkətinin işçiləri xoş üzlə gəldi, sakinlərlə mülayimliklə danışıb tanış oldular. Sonra bir-bir insanlara yaxınlaşıb, onlara müəyyən qədər vəsait verəcəklərini bildirdilər. Kimlər ki o ünvanda yaşamırdı, şirkətin verdiyi vəsaitlə razılaşıb evini satdı. Hər kvadratmetrə görə 1700-1800 manat verildi. Onlar razılaşıb çıxdılar. İndisə qalıb bizim evlər. Qonşular evdən çıxan kimi dərhal söküntüyə başladılar. Bizim evlərin damları bir-birinə bitişikdir. Söküntü zamanı mənim evimin damının bir hissəsini uçurublar. Buna görə etiraz etdik. Amma Violon” MMC-dən heç gəlib maraqlanmadılar, evimizi düzəltmədilər. İndiyə kimi oradan başıımıza yağış yağır. Divar da içəridən çatlayıb".

Şikayətçinin sözlərinə görə, bir müddət sonra onun evinin sağ tərəfində də söküntü işləri aparılıb:

"Buldozerlə o tərəfi də dağıdıb tökdülər. Evin qapı-pəncərəsini, divarlarını uçurtdular. Gördülər, bu məni qorxutmur, başladılar bütün evi uçurmağa. Sentyabrın 16-dan evin giriş hissəsini sökdülər. 3 gün evdən bayıra çıxa bilmədim. Sentyabrın 27-sində şəhidlərin Anım günündə gəlib buldozerlə yan qonşumun evinin damını necə uçurtdularsa, dağıntılar qonşu evlərin üstünə töküldü. Qonşularla yığışıb polis çağırdıq. Polis gələndə düşüb qaçırlar. Polis gedən kimi yenidən başlayırlar".


M.Yurşimova vurğulayıb ki, söküntü zamanı səs-küy yarandığına görə, qızı qorxudan qıc olub:

"Uşaq 2-ci qrup əlildir. Təcili yardım çağırdım. Bunlar bizi dəlixanalıq edirlər. Uşağı evdə 1 saatlığa qoyub harasa gedə bilmirəm. Uşaq zəng edib qorxudan ağlayır ki, ana, onlar yenə gəldilər. Qapını bağlayıb gedirəm, gəlib görürəm ki, arxa hissədən çıxıblar dama. Bizə zülm edirlər".


Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı Prezident Adminstrasiyası, Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumlara şikayət etsələr də, vəziyyət dəyişməyib:


"Əvvəl söküntü aparılanda Fövqəlada Hallar Nazirliyinin əməkdaşlarını çağırırdıq, gəlirdilər. Bir aydan artıqdır ki, çağırırıq, onlar da gəlmirlər. Bütün qonşular Fövqəlada Hallar Nazirliyinin rəhbərliyinə müraciət edib ki, bizi qəbul etsin. Hələ ki, bir xəbər yoxdur. Bilmirəm, bizi qəbul edəcək, ya yox. Ombudsmana məktubla müraciət etmişəm. Müsbət cavab verildi və oradan adam gəldi. Onların sayəsində söküntü iki ay saxlanıldı. İndi yenə başlayıblar. Bilmirəm, bu vəziyyət nə vaxta qədər davam edəcək?! Dəfələrlə telekanallar gəlib çəkiliş ediblər. Müraciət etmədiyimiz yer qalmayıb. Amma heç kim bu şirkət barədə tədbir görmür".





M.Yurşimova deyir ki, “Vialon” MMC-nin rəhbəri Ramil Qasımov sakinlərə 1800-2000 mindən artıq pul verməyəcəyini bildirib:

"Deyir, sizə verməyə pulum yoxdur. Şirkət bankrot olub. Bu ərazidəki tut ağaclarını da kəsiblər. Gəlib mənə də deyirdi ki, nə qədər tikinti başlamayıb, girək sizin həyətdəki tut ağcını doğrayaq. Mən də deyirəm, axı həyəti satmamışam ki, siz o ağacı doğrayasınız. Onun üstündə mənimlə prinsipə düşdülər. İstəyirlər ki, söküntü vaxtı bütün ağacları kəssinlər, sonra şirkətə problem yaranmasın.

Mənim evimin 65 kvadratmetrdir. Qiymətləndirmə zamanı onu 56 kvadratmetr hesablayırlar. Amma İcra Hakimiyyəti 63 kvadratmetr hesablayıb.Onlar bu ərzini götürüb özəl məktəb tikmək istəyirlər. Biz də özəl məktəbdəki qiymətləri öyrənmişik. Hər uşağa görə ildə 11 min manat alacaqlar. Bizəsə deyirlər pulumuz yoxdur.

Onlar bilir ki, mənim evimi alıb sökən kimi ətrafdakı qonşular özləri qaçacaq. Onların işi ancaq mənimlədir. Ramil Qasımov dalanda üstümə hücum edib dedi ki, çıx cəhənnəm ol, buradan. Gəlib evimdə məni təhqir edirlər. Bu qədər özbaşınalıq olar? Mən hara getməliyəm? Mənim milliyətcə yəhudiyəm, mənim vətənim buradır. Babam, atam burada yaşayıb".

Məsələ ilə bağlı “Vialon” MMC-nin nümayəndəsi Ramil Qasımovla əlaqə saxladıq. O, Bakupost.az -a sakinlərin şikayətinə cavab olaraq bildirdi ki, deyilənlər əsassızdır:

"Onlara kompensasiya təklif edilir. Sadəcə olaraq, onlar birdən-birə varlanmaq istəyirlər, bu da mümkün deyil. Sakinlər evin hər kvadrat metri üçün 4-5 min manat istəyir. Biz isə ordakı evlərə bazar qiymətinə uyğun pul təklif edirik. 50 minlik evə 70-80 min təklif edirik, razılaşmırlar. Məsələ tezliklə hüquqi müstəvidə həll ediləcək".






Zahid
BakuPost

Şərhlər
  • Artyom Bazarov

    Hərbi Güc dövlətlərini belə öz güclü texnoloji inkişafı ilə heyran edən Azərbaycan bir balaca Kubinkaya multikultural tolerant münasibəti!!! Hədsiz təmərküzləşmiş rəsmi Bakıdan və onun dünyəv arxiyepiskopu üç ildə 165 min QAİ + 330 min Qarabağ ailələrini Hərbi terrorun çıxdaşı ilə qəbul edib, sonrakı 30 ildə Beynəlxalq adekvat hüquqi iddia qaldıra bilməyən rəsmi Azərbaycan arxideyası və Oliqraxından daha möhtəşəm nə gözləmək olardı? Heç olmazsa, son 15 ildə Bakının bu kiçicik Bulvar-yeni Avtovaqzal, ya *20 yanvar* dairəsinə qədər yüzlərlə milyarda təmizlənib, yenidən qurulmayıb? Hər üç-yeddi milyard Sərmayadan dövlət büdcəsinə heç olmazsa, üç-beş milyardlıq yeni stabil-rəqabətli iqtisadiyyat-istehsal məhsulu da yaradılmayıb?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar