Ru
18:23 / 08 Yanvar 2025

"Fast-food"ların qiymətində 1 manatlıq artım: Səbəb nədir? - Açıqlama

 "Fast-food"ların qiymətində 1 manatlıq artım: Səbəb nədir? - Açıqlama
1643

Bu ayın əvvəlindən "fast-food"larda qiymətlər artıb. Belə ki, sosial şəbəkələrdə yayılan məlumata görə, kiçik porsiyalı şaurmanın qiyməti 4.60-dan 5.70-ə qalxıb.

"Şaurma" şirkətindən isə Bakupost.az -a bildiriblər ki, orta ölçülü şaurmanın qiyməti 4.60 AZN-dən 5.50-AZN-ə qaldırılıb. Şirkətin meneceri artımının səbəbini ərzaq məhsullarının qiymətinin qalxması ilə əlaqələndirib:

“Yəqin ki, siz marketdən bazarlıq edirsiniz? Görürsünüz ki, bütün məhsulların qiyməti qalxıb. Məhsulların qiyməti qalxırsa, biz baha alırıqsa, necə ucuz qiymətə sata bilərik?”

Qeyd edək ki, MCDonalds və digər ictimai iaşə müəssisələrində də qiymətlər artıb.

İqtisadçı ekspert Natiq Cəfərli isə Bakupost.az-a açıqlamasında bildirib ki, qiymət artımının başlıca səbəbi dövlət tərəfindən tənzimlənən qiymətlərin davamlı şəkildə artmasıdır:
“Qiymət artımı uzun zamandır dayanmadan davam edən bir prosesdir. Bununla bağlı həmişə nəticələrdən danışırıq. Amma səbəblər də çox aydındır. Səbəblər ondan ibarətdir ki, dövlət tərəfindən tənzimlənən qiymətlər artır. Məsələn, keçən il benzin və dizel yanacağının qiyməti artdı, bu ilin əvvəlində isə kommunal xidmətlərin qiymətləri artdı. Bütün bunlar təbii olaraq ərzaq məhsullarında, eləcə də ictimai iaşə və xidmət sahələrində qiymət artımına səbəb olan əsas amillərdir. Məsələn, elə təbii qazı götürsək, kənd təsərrüfatı məhsulları qış aylarında daha çox istixanalarda istehsal olunur. İstixanalara verilən qazın qiyməti qalxırsa, təbii ki, məhsulun da qiyməti artır”.

Ekspertin fikrincə, səbəblər aradan qalxmayınca, nəticə dəyişməyəcək:

“Səbəblər həm dövlət tərəfindən tənzimlənən qiymətlərin hər dəfə artması, həm rəqabətsizlik mühiti, həm də kənd təsərrüfatında, xüsusən ərzaq məhsulları istehsalında uzunmüddətli və aşağı faizli kreditlərin olmamasıdır. Bütün bunlar nəticə etibarilə qiymət artımına təsir edir. Hər dəfə biz daha çox qiymət artımı ilə qarşılaşırıq”.

Lalə Novruz, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar