“Fermerlər təbii fəlakətlərdən ziyan çəkməmək üçün məhsulunu sığortalamalıdırlar. Kənd təsərrüfatı təbiət hadisələrindən asılıdır. Əkin sahəsi, təsərrüfatı olan hər bir fermer bunu bilir. Bunun üçün təsərrüfatlarını əkib becərməzdən əvvəl mütləq qoruma yollarına da diqqət etməlidirlər. Bu gün yeganə yol öz təsərrüfatını sığortalamaqdır”.
Bunu Bakupost.az-a iqtisadçı ekspert Cəfər İbrahimli söyləyib.
O vurğulayıb ki, fermerlər əkinlərini və ya bağlarını elektron sistemdə bəyan edir, sığorta müqaviləsi bağlayırlar. Bu zaman təbiət hadisələrindən doğan zərərlərdən qorunmaq mümkündür:
“Təsərrüfat sahələri olan insanların sığorta ilə bağlı məlumatları var. Lakin sığortalamaqdan çəkinirlər. Sel və daşqınlardan sonra bunun peşmançılığını çəkən kifayət qədər fermer var. Risklərdən qorunmağın ikinci yolu da eyni coğrafiyada fərqli məhsullar əkməkdir. Çünki fərqli məhsullar əkdiyiniz zaman məhsulların becərmə, çiçəkləmə, bar vermə dövrü əkin sahələri üçün fərqli müddətlərdə olur. Belə olan halda bir məhsulunuz təbiət hadisəsindən zərər gördüyü halda, digəri yan keçə bilər”.
Sevinc,
BakuPost