Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə noyabrın 23-24-də Gəncə şəhərində şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında tibbi müayinə aksiyası keçirilib.
Bakupost.az xəbər verir ki, aksiyadan öncə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə təşkil olunan aksiyanın iştirakçıları, Gəncə Şəhər Təşkilatının yeni sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Sonra rayon Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
YAP-ın Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən aksiya çərçivəsində 200-dən artıq şəhid ailəsi, qazi və onların ailə üzvlərinə lazımi tibbi xidmətlər göstərilib, rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji müayinələr aparılıb və müalicələr təyin olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba, İsmayıllı rayonları və Lənkəran şəhərində bu qəbildən olan aksiyalar keçirilib.