Ru
13:14 / 10 Oktyabr 2024

"Günah o "alim"də deyil, ona elmi dərəcə verəndədir" - Ekspert

1200
Xəbər verdiyimiz kimi, bu günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev elmi dərəcələrlə bağlı fikirlər səsləndirib. Nazir bildirib ki, elmi dərəcəsi olanların hamısı əsl alim deyil: “Dünyada phd (fəlsəfə doktoru) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil. Biz belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır".

Nazirin fikirlərinə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a açıqlamasında deyib ki, heç də hamı tərəfındən birmənalı qarşılanmasa da, "elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir“ açıqlaması ilə razılaşmaq olar:


"Lakin “Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" deyərkən, "bu vəziyyəti kim yaradıb" sualı barədə də düşünsəydik, məsələyə daha obyektiv yanaşmış olardıq. Bəli, elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir. Bununla belə, hesab edirəm ki, “alim”də elə də bir günah yoxdur, günah həmin “alim”ə alimlik dərəcəsi verəndədir. Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur".


Ekspert bildirib ki, “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” müddəası çoxları tərəfindən birmənalı şəkildə qəbul edilsə də, bir çoxları bu müddəanın reallaşmaması, inkişafın kompleks aparılmaması, elmin təhsilə verdiyi töhfənin hələ ki, lazımi nəticə verməməsi, bu məqsədlərə ayrılan vəsaitin kifayət etməməsi və yaxud əksinə, elmə ayrılan vəsaitlərin səmərəli istifadə olunmamasından hər hansı bir nəticənin əldə edilməməsi qənaətindədirlər:

"Elmin inkişafına ayrılan vəsaitin xərclənməsi üçün konsepsiyanın olmadığını da vurğulayanlar var. Digər tərəfdən hər il dövlət büdcəsindən elmə ayrılan müəyyən vəsaitlər müqabilində "Azərbaycan alimlərinin son 20-30 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olubmu" sualını verənlər da az deyil”.

Ekspertin dediyinə görə, təəssüf ki, bizdə müdafiəyə buraxılan elmi işlərin demək olar ki, bütün mövzuları yerli, lokal əhəmiyyət kəsb edir:

"Təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəcə gələ bilmirik. Ali Attestasiya Komissiyası alimlərin deyil, elmi dərəcəlilərin sayını artırmaqda daha çox maraqlıdır. Elmi dərəcələrin verilməsində qohumbazlıq, yerlipərəstlik, maddiyyat kimi məsələlər də rol oynayır. Problemlərin həlli barədə düşünməyin vaxtıdır. Elmlə təhsil sahəsinin adamları məşğul olmalıdırlar, ayrı-ayrı vəzifə səlahiyyətliləri yox. Bu gün Milli Məclis üzvlərinin, İcra başçılarının, Nazirlik, Komitə və digər dövlət qurumları səlahiyyətlilərinin az qala yarıdan çoxu alimlik dərəcəsinə sahibləniblər. Bir vaxtlar ənənəvi “elmlər namizədi”ni “Fəlsəfə doktoru”na çevirməklə beynəlxalq məkana inteqrasiya görüntüsü yaratdıq. Nə var, nə var, dünya təcrübəsində belə bir şey var… Baytarlıqla məşğul olmalı adamı “Baytarlıq üzrə fəlsəfə doktoru” edib, ona alimlik dərəcəsi verdik".

Nadir İsrafilov hesab edir ki, alimin nüfuzu qaldırılmalıdır, ona diqqət və qayğı artırılmalıdır:

"Cəmiyyət tanımalıdır ki, bizim alimlərimiz kimdır, nə işlə məşğuldurlar. Necə ki, Yusif Məmmədəliyevi, Xudu Məmmədovu, Azad Mirzəcanzadəni, Lütfi Zadəni və bir çox dünya miqyaslı alimlərimizi hamı tanıyırdı və hansı sahə ilə məşğul olduqlarını bilirdi. Bu gün dünyada qəbul olunmuş xüsusi qiymətləndirmə meyarları var, bu meyarlara qarşılıq verməyimiz tələb olunur. Məsələn, elmi araşdırmalara geniş yer verilməsi, maddi-texniki bazanın və kadr potensialının fasiləsiz təminatı, dünyanın inkişaf tendensiyalarının nəzərə alınması, beynəlxalq forumlarda iştirak, ali təhsil müəssisələrinin kadrlarının beynəlxalq konfranslarda çıxışları, elm və təhsil çevrələrində nüfuz sahibi olması, beynəlxalq miqyasda təmsilçilik...Bu meyarlara yenə əlavə eləmək olar. Bax, bu şərtlər təmin olunsa, onda kimlər barədəsə "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var” deməkdən “qorxmarıq".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar