Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi parlament seçkilərindən sonra yaranmış siyasi böhran və Aİ-yə üzvlüklə bağlı danışıqların dayandırılması fonunda Gürcüstanın beynəlxalq öhdəliklərinə əməl etməsini qiymətləndirir.
Bakupost.az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, yanvarın 14-dən 16-dək Gürcüstan üzrə həmməruzəçilər Klod Kern və Edit Estrelanın rəhbərlik etdiyi faktaraşdırıcı missiya Tbilisidə olub.
AŞPA əvvəlcədən bunun “müntəzəm monitorinq səfəri” olduğunu və siyasətçilərlə görüşlərə “legitimliyə siyasi dəstək kimi baxılmamalı” olduğunu vurğulayıb.
Çərşənbə günü missiya üzvləri parlamentin spikeri Şalva Papuaşvili və “Gürcü arzusu”nun bir sıra digər liderləri ilə danışıqlar aparıblar.
Papuaşvili təkid edib ki, parlamenti boykot etmək müxalifətin hər seçkidən sonra ümumi “taktikası”dır. O, həmçinin bəyan edib ki, hakimiyyət Avropa İttifaqı məkanına inteqrasiyadan əl çəkmir və buna nail olmaq üçün “çox iş görür”.
Gürcüstan mətbuatı yazır ki, bu gün həmməruzəçilər vətəndaş cəmiyyətinin nümayəndələri və müxalifət liderləri ilə görüşüblər.
"Girçi" partiyasının rəhbəri Zurab Caparidzenin sözlərinə görə, onlar ""Gürcü arzusu"nun dinc nümayişçilərə qarşı qəddar taktikasından” danışıblar.
“Onlar həm də son nəticədə mövcud vəziyyətdən çıxış yolunun nə ola biləcəyi ilə maraqlanırdılar. Biz izah etdik ki, burada yalnız iki məqam var – siyasi məhbusların azad edilməsi və yeni seçkilərin keçirilməsi”, – Caparidze bildirib.
Komitə üzvləri “Gürcüstan Naminə” müxalifət partiyasının lideri Giorgi Qaxariyaya da baş çəkiblər. O, Batumidə hakim partiyanın nümayəndələri tərəfindən döyüldükdən sonra evində müalicəsini davam etdirir.
Zaur, BakuPost