Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:27 / 15 Noyabr 2024

Gürcü müxalifəti meydan mübarizəsini niyə uduzdu? - ŞƏRH

526
Oktyabrın 26-sı Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri geniş etirazlara səbəb oldu. Gürcüstan müxalifəti seçkidə saxtakarlığın olduğunu və onu qəbul etmədiyini bildirdi. Müxalifət yeni seçki tələb ilə etiraz aksiyalarına başladı. Ancaq bu aksiyalar öz məntiqi sonluğna çatmadı. Maraqlıdır, gürcü müxalifətinin mübarizəsi niyə nəticəsiz qaldı?

Mövzu ilə bağlı politoloq Bakupost.az -a danışan politoloq Zaur İbrahimli bildirib ki, Gürcüstan müxalifətinin etiraz aksiyalarının geniş miqyas almayacağı və konkret tərəfdarlar dairəsiylə məhdudlaşacağı əvvəlcədən gözlənilən idi:

“Bu ilin may ayında xarici təsirin şəffaflaşdırılması haqqında qanun layihəsini parlamentdə müzakirəyə çıxararkən Gürcüstan müxalifəti silsilə etiraz aksiyaları təşkil etdi. O aksiyalar göstərdi ki, onlar Gürcüstan cəmiyyətinin geniş təbəqəsinin dəstəyini almadılar. Aydın oldu ki, müxalifət iri şəhərlərdə daha güclüdür, ona əsasən, ictimai fəallar dəstək verirlər. Bu dəstək isə kifayət qədər böyük deyil. Yəni etiraz aksiyaları bütün ölkəni əhatə edəcək qədər geniş olmadı. Məsələn, tətillər, dövlət orqanlarından istefalarla müşaiyət olunmadı. Seçkilərdən sonra da biz oxşar vəziyyət müşahidə edirik. Yenə həmin dairələr müxalifəti fəal müdafiə edir. Amma bu, hakimiyyəti geri çəkilməyə məcbur edə bilmir”.

Z.İbrahimlinin sözlərinə görə, “Gürcü Arzusu” partiyası artıq 12 ildir ki, hakimiyyətdədir və müəyyən sabitliyə nail olub:

“Gürcüstan cəmiyyəti başa düşdü ki, artıq geosiyasi risklərdən çəkinmək və siyasi partiyalara müəyyən tarazlıq yaratmaq imkanı vermək lazımdır. Gürcüstan cəmiyyətinin əsas sifarişi tarazlıqdır. Eyni zamanda Gürcüstan cəmiyyəti Avropa İttifaqına seçimdən də imtina etməyib. Avropaya inteqrsiya prosesində milli identikliyin qorunmasını da vacib sayır. Gürcüstan cəmiyyəti o yanaşmaya səs verdi ki, regionda və dünyada yaranmış vəziyyət nəzərə alınaraq tarazlaşdırılmış siyasət həyata keçirilsin”.

O, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya-Gürcüstan müharibəsi yada düşür və Gürcüstan cəmiyyəti öz seçimində bu amili də nəzərə alır.

“İndi baş verənlər kontekstində 2008-ci il hadisələri Gürcüstan cəmiyyəti üçün müəyyən nəticələr çıxarmağa əsas verir. Onlar hesab edirlər ki, bu dəfə səhv etməyə ixtiyarları yoxdur. Növbəti səhv onları yeni müharibəyə və qarşısıalınmaz xarici təsirə məruz qoya bilər”.

Zaur İbrahimlinin fikrincə, Gürcüstanda sabitliyin dayanıqlı olmasını istəyən bürokratik təbəqə də formalaşıb:

“Bu təbəqə, xüsusən, hüquq-mühafizə orqanlarında öz sözünü deyir. O cümlədən, bu aksiyalarda da bürokratik təbəqənin yanaşması əhəmiyyətli rol oynadı. Hazırda əsas məsələ dəyişən geosiyasi mübarizələrin gərginləşdiyi bir dövrdə Gürcüstanın təhlükəsizliyidir. Bu baxımdan hazırki iqtidar kifayət qədər siyasi dayaqlara malikdir və seçkilərin nəticələrini də qorumağa qadirdir”.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar