Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar sistematik olaraq təhdid mesajları, təhqiramiz telefon zəngləri alır və təzyiqlərə məruz qalırlar.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani brifinqdə məlumat verib.
“26 oktyabr seçkilərinin nüfuzdan salınması ilə paralel olaraq, maraqlı tərəflər 2020-ci il parlament seçkiləri zamanı seçki administrasiyasının əməkdaşlarına təzyiq göstərmək üçün istifadə etdikləri taktikanı yenidən təkrarlayırlar”, - deyə İoseliani bildirib.
Mətbuat katibi qeyd edib ki, bütün səviyyələrdə, o cümlədən xaricdə yerləşən seçki məntəqələrində seçki komissiyalarının üzvləri təzyiq altındadır. “Onlardan bəziləri şəxsi telefonlarına təhqiredici zənglər və hədə mesajları alırlar, sosial şəbəkələrdə təhqir, təzyiq və nifrət dolu mesajlarla üzləşirlər”, - o vurğulayıb.
İoseliani sübut kimi sosial şəbəkələrdən skrinşotlar göstərib. Onun sözlərinə görə, təhdid mesajlarında cinayət əlamətləri aşkar edilərsə, istintaq orqanları işə başlayacaq.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,9% səs toplayıb və hökuməti fərdi qaydada formalaşdırmaq hüququ əldə edib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib: “Dəyişiklik Koalisiyası” 10,92 faiz, “Birlik – Milli Hərəkat” partiyası – 10,12 faiz, “Güclü Gürcüstan” – 8,78 faiz, “Gürcüstan üçün Qaxariya” – 7, 76%.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün onu tanımaqdan imtina ediblər. Həmçinin, seçkinin nəticələri ölkə prezidenti Salome Zurabişvili tərəfindən tanınmayıb. Onun fikrincə, MSK-nın məlumatları manipulyasiya edilib, faktiki olaraq müxalifət “Gürcü arzusu”ndan daha çox səs toplayıb və bununla da parlamentdə çoxluq əldə edib.
Zaur
BakuPost