"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus "Viləş Palace Hotel"in qanuni təmsilçisi dəyişib.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Zeynalov Vüqar Məhərrəməli oğlu "Viləş Palace Hotel" MMC-nin qanuni təmsilçisiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldar oğlu gətirilib.
Qanuni təmsilçinin niyə dəyişdirildiyinin səbəbi bilinmir. Yüksək ehtimala görə, otelin təkcə qanuni təmsilçisi yox, sahibi dəyişib.
Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq etmişdi.
Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə vermişdi. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub.