"Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Əkbər bəzi istifadəçilərin sosial şəbəkələrdə videolarını paylaşıb onu təhqir etdiyini və şəxsiyyətini alçaltdığını bildirib.
Bakupost.az xəbər verir ki, aparıcı bu barədə ARB-də yayımlanan verilişində danışıb.
E.Əkbər bildirib ki, insanların onun səsi və görüntüsündən istifadə etməsindən incimir, əksinə, buna müsbət yanaşır:
“Məni elə hamı təqlid edir. Kim istəyirsə ki, İnstagramda, TikTokda adam yığsın, ya videolarımı paylaşır, ya da səsimi səsləndirir. Heç incimirəm. Əgər bir insan mənim üzərimdə reklamını qurub çörək qazanırsa və mənim qəlbimə dəymirsə, halal xoşu olsun, Allah uğurlarını bol etsin”.
Aparıcı əlavə edib ki, əgər bu paylaşımlar onu təhqir etməyə və şəxsiyyətini alçaltmağa yönəlirsə, bu zaman münasibəti fərqlidir:
“Yox, əgər o, məni təhqir edirsə, haram xoşu olsun, burnundan gəlsin. Əgər mənim qəlbim ağrıyacaqsa, mən əziyyət çəkəcəyəmsə, şəxsiyyətim alçaldılacaqsa, deyirəm ki, haram xoşun olsun”.
Lalə, BakuPost