Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində növbəti dəfə namizədliyi irəli sürülən qocaman deputatlardan biri də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevdir. Xəbər verildiyi kimi, beşinci dəfə deputat olmağa hazırlaşan Möhbalıyev yenə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizəddir.
Bakupost.az “AzPolitika”-ya istinadla xəbər verir ki, bu dəfə deputatlıqla paralel digər vəzifə, yaxud vəzifələr daşıyan millət vəkilləri qarşısında “ya deputatlıq, ya vəzifə” seçimi qoyulduğundan Səttar Möhbalıyev AHİK sədrliyindən getmək məcburiyyətində qalıb. Bunun üçün gələn ayın sonuna qədər AHİK-in növbədənkənar qurultayının keçiriləcəyi, Möhbalıyevin istefasının qəbul olunacağı və yeni sədrin seçiləcəyi gözlənilir.
Artıq mətbuatda gedən məlumatlara görə, AHİK-dən də bunu dolayısı ilə təsdiqləyiblər. AHİK sədrinin köməkçisi bildirib ki, Səttar Möhbalıyevin səhhətində problem olduğu üçün sədrliyə namizədliyini verməyəcək: "İyun ayında ürəyindən əməliyyat olundu, buna görə də bu dəfə sədrlik postuna iddia etməyəcək. Hazırda Səttar müəllim Naxçıvandadır".
Bütün bunlar 1993-cü ildən bəri AHİK sədrliyi postunu tutan S.Möhbalıyevin istefa verəcəyinə dair şübhə yeri qoymur.
Bəs AHİK-in yeni sədri kim olacaq?
Mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə, bu posta hazırda İqtisadiyyat nazirinin müavini vəzifəsini tutan şəxslərdən biri gətiriləcək.