Son günlər mətbuat və sosial şəbəkələrdə Azərbaycanın ilk anadilli poeziyasının şah əsərlərini yaradan İzzəddin Həsənoğlunun ötən il bərpa olunan məzarının yenidən dağıdılması ilə bağlı xəbər və fotoşəkillər yayılıb.
Həmçinin bu hadisənin İran tərəfindən qəsdən törədildiyi bildirilir.
Məsələ ilə bağlı
İzzəddin Həsənoğlu yaradıcılığının araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Altaylı Bakupost.az -a açıqlamasında məlumatı təsdiqləyib.
O, bildirib ki, əgər İran hökuməti Həsənoğlunun məzarının dağıdılması üçün əmr vermiyibsə, onda günahkarları tapıb cəzalandırmalıdır:
"Bu cür hallar İran dövlətinin iyrənc simasını gözlər önünə sərir".
Seyfəddin Altaylı bildirib ki, İzzəddin Həsənoğlu Xorasanın İsfərayin bölgəsində dünyaya gəlib və orda da vəfat edib:
"Məzarı da oradadır. Onun məzarı çökmüş və dağılmış vəziyyətdə idi. Mən ordakı dostlarımla əlaqəyə girdim. Həsənoğlunun məzarı bərpa olundu. Onun qəbri yüzillərdən bəri o bölgə xalqının ziyarətgahı olub. Problemi olan insanlar ona nəzir deyirmiş. Hər həftə cümə axşamı günü onun qəbrinin ətrafında mərasim təşkil edir, nəzir etdikləri yeməkləri paylayarmışlar. Hətta bu mərasimlər bu gün də edilir. Sağ olsun, dostlarımız, məzarı təmir etdilər. Hətta Həsənoğlunun bir şerini tapmışdım, o şeirin iki beytini də məzar üstə daşa yazdılar. Məzar daşında belə bir yazı da var idi: "Türk şeirinin babası İzzəddin Həsəsnoğlu". Ancaq bir müddət keçdikdən sonra onun məzarı dağıdıldı. Görünür, İran hökuməti, fars şovinizmi İzzəddin Həsənoğlunun qəbrindən də qorxur".
Seyfəddin Altaylı qeyd edib ki, Həsənoğlu Kübrəviyyə təriqətinə mənsub olub. O, şeyxlik səviyyəsinə yüksəlmiş bir təsəvvüf əhli, sufi dərvişdir:
"Ömrünü İslam dininə, onun Peyğəmbərinə, 4 xəlifəyə həsr edib. Yəni İran dövlətinin belə bir adamın məzarından qorxması insanı dəhşətə gətirir. Bu necə müsəlman, İslam dövlətidir ki, belə bir insanın qəbrinə sahib çıxmaq, onun qəbrini qorumaq əvəzinə baxımsız, dağılmış vəziyyətdə saxlayır. Hətta təmir etdikdən sonra dağıdılmasına göz yumur. Sən dövlət olaraq onun məzarını, irsini qorumağa məcbursan. Onun məqbərəsini görkəmli bir şəkildə düzətmək ora turistlərin daha çox getməyinə səbəb olardı. Bu da İrana xeyir gətirərdi. Hətta bunu da nəzərə almayıblar. Onun izini yox etməyə çalışırlar. Belə İslam dövləti, ümumiyyətlə, belə dövlətçilik olar?"
Qeyd edək ki, İzzəddin Həsənoğlu 13-cü yüz ildə yaşayıb və ilk dəfə Azərbaycan türkcəsin şeir yazıb. Onu ədəbiyyat aləminə Fuad Köprülü tanıdıb. Həsənoğlu ilə bağlı indiyə kimi sadəcə Dövlətşah Səmərqəndinin “Təşkirətüş-şüəra”sında 5-6 sətrlik məlumat var idi. Sonradan Finlandiyada şairin “Kitab-ı Siretün Nebi” adlı 367 vərəqlik əlyazma əsəri tapılıb. Bu əsər Hz.Məhəmmədin həyatına, mübarizəsinə və Hz.Əlinin cəngnamələrinə həsr edilib. Həsənoğlu ilə bağlı Seyfəddin Altaylı 4 il geniş təqdiqat aparıb. Hazırda onun tədqiqat əsəri nəşrə hazırlanır.
Əfsanə Rəcəb
BakuPost