Hindistan hakimiyyəti keçmiş baş nazir Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan etmək qərarına gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Mərhum hörmətli şəxsə ehtiram əlaməti olaraq, 26 dekabr 2024-cü ildən 1 yanvar 2025-ci il daxil olmaqla bütün Hindistanda yeddi günlük matəm elan edilib. Bu müddət ərzində bütün Hindistanda milli bayraq yarıya qədər endiriləcək və heç bir rəsmi əyləncə tədbirləri keçirilməyəcək”, - deyə rəsmi məlumatda bildirilib.
Hakimiyyət də dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə qərar verib. Mərasimin dekabrın 28-də baş tutacağı gözlənilir.
Dəfn günü Hindistanın xaricdəki bütün səfirliklərində də milli bayraq yarıya endiriləcək.
Manmohan Sinqh dekabrın 26-da 92 yaşında huşsuz vəziyyətdə evindən aparıldığı təcili yardım xəstəxanasında vəfat edib. Həkimlərin qeyd etdiyinə görə, Sinq yaşlı insanlara xas olan bir sıra xəstəliklərdən əziyyət çəkirdi. Həkimlərin bütün səylərinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb.
Hindistanın keçmiş baş naziri Manmohan Sinqhi əvvəllər maliyyə naziri olub. O, ölkəni iki müddət idarə edib və iqtisadiyyatı liberallaşdırıb.