Ru
17:05 / 11 Fevral 2025

İdman Mərkəzi 12 ildir ki qazsız qalıb - "Məşqə gedən imdançılar xəstələnir" - ŞİKAYƏT - VİDEO

İdman Mərkəzi 12 ildir ki qazsız qalıb - "Məşqə gedən imdançılar xəstələnir" - ŞİKAYƏT - VİDEO
977

Pirallahı qəsəbəsində yerləşən “Pirallahı İdman Mərkəzi”ndə qaz təminatı ilə bağlı ciddi problemlər yaşanır.

Bu barədə Bakupost.az -a övladı həmin mərkəzdə idmanla məşğul olan valideynlərdən Timur Şəkərov bildirib.

Onun sözlərinə görə, artıq 12 ildir ki, mərkəzin qaz problemi həll edilmir:

“Burada güləş, futbol, yunan-roma güləşi, taekvondo məşqləri keçirilir. Lakin problem odur ki, qaz verilmir. Biz, valideynlər aidiyyəti orqanlara müraciət etmişik, qaz idarəsinə də, mərkəzin direktoruna da dəfələrlə bildirmişik. Ancaq 12 il ərzində heç bir iş görülmür. Mərkəzin rəhbərliyi bizə yalandan "filankəslə vatsapda danışdım" deyir, mənasız səbəblər göstərir. Bu problemlə bağlı bilmirik nə edək. Aidiyyəti orqanlara da müraciət etmişik, heç kim baxmır”.

Şikayətçinin sözlərinə görə, hazırda məşqlərə gedən uşaqlardan bir neçəsi xəstələnib:

"Uşaqlardan 7-8 nəfər xəstədir, 2-3 nəfər sistem altında yatır. Xahiş edirəm, bu məsələni işıqlandırın ki, bəzi insanlar, - hansı ki, bu vəziyyətdən sui-istifadə edirlər, - cəzalandırılsın. Artıq bezmişik. Pirallahıda güclü külək, soyuq hava şəraiti var, ona görə də qalırıq belə. Çox acınacaqlı vəziyyətdir”.

Məsələ ilə bağlı "Pirallahı İdman Mərkəzi"nin rəhbəri Faiq Salayev ilə əlaqə saxladıq. O, Bakupost.az-a açıqlamasında bildirdi ki, qaz çəkilişi üçün sənədləşmə işləri aparılır:

“Deyirlər ki, bir məktub Fövqəladə Hallar Nazirliyinə, ikinci məktub Energetika Nazirliyinə göndərilməlidir, oradan da "Azəriqaz"a. Hər nazirlik məktubları gecikdirir. Biri 10 gün, digəri 1 həftə. Sezon da bitmək üzrədir, artıq nə qalıb ki? Mən valideynlərə heç nə deyə bilmirəm, çünki onlar haqlıdırlar. İndi yeni nazir gələni maşallah, aktivdir. Bu il başlamışıq bu problemi həll etməyə. Bu sezonu da başa vursaq, gələn mövsüm hər şey düzələcək. 100 faiz deyə bilərəm ki, sentyabra qədər hər şey qaydasına düşəcək. Neçə ildir dözmüşük, imkan varsa, bir ay da dözsünlər, vəssalam. Valideynlərdən xahiş edirəm ki, bir az da səbr etsinlər. Mənlik bir şey yoxdur, çünki bu mənim səlahiyyətimdə olan məsələ deyil. İdman Nazirliyi briqada göndərib. Onlardan da xahiş etmişəm ki, tələsdirin, valideynlər şikayət edir, soyuqdur. Briqadaya pulu verən Nazirlikdir, mən deyiləm ki? Nazirliyə də demişəm ki, pulu vermisiniz, briqada göndərmisiniz, xahiş edirəm, prosesi sürətləndirin. Mən də boş dayanmadım, qaynaqçını sertifikasiyadan keçirdim, pulunu ödəmişəm”.

F.Salayevin sözlərinə görə, qaz çəkilişinin gecikməsinin əsas səbəbi yeni qaz xətlərinin çəkilməsi və sənədlərin yenilənməsi ilə bağlıdır:

“Bu iş niyə belə uzandı? Çünki qaz mənbəyi dəyişdi və proses sıfırdan başladı. Əvvəlcə 3-4 km uzunluğunda boru ana xəttdən çəkilmişdi, amma qonşular onu deşik-deşik edib sıradan çıxardılar. Borular çürüdü və indi hər şey sıfırdan başlanır. Bunun nəticəsində bütün sənədlər yenidən toplanmalıdır, bu da vaxt aparır .Əgər köhnə xətt qalsaydı, proses heç 1 ay da çəkməzdi, çünki sənədlər hazır idi. Amma yeni xətlərin çəkilməsi, sayğacların yenidən alınması və briqadanın sıfırdan işə başlaması vaxt tələb edir. Onlar da deyirlər ki, məktublar ora gedir, bura gedir, vaxt aparır. Lap bu dəqiqə qaz verilsə belə, "atapleniya"lar yaxşı vəziyyətdə deyil. Onlar da dəyişilməlidir, çünki illərlə suyun içində qalıb xarab olub”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, müvafiq sənədləri qaydasında olan, çıxarışlı, SOCAR-ın yüksək gərginlik xətləri altında yerləşməyən fərdi yaşayış evi, qeyri-əhali obyekti və ya hər hansı bir tikili ilə bağlı qazlaşdırma prosesi mümkündür:

“Bunun üçün vətəndaş ASAN Kommunala müvafiq sənədlərlə müraciət edir, ASAN Kommunal isə həmin sənədləri “Azəriqaz” İstehsalat Birliyinə təqdim edir. “Azəriqaz” əməkdaşları obyektə və ya fərdi yaşayış evinə baxış keçirir. Əgər heç bir maneə yoxdursa, 20 iş günü müddətində texniki şərt hazırlanaraq vətəndaşa təqdim edilir. Vətəndaş texniki şərti aldıqdan sonra xüsusi lisenziyaya malik podratçı şirkətlərlə anlaşır. Bu siyahı azeriqaz.az saytında və ASAN Kommunalda mövcuddur. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin həmin xüsusi lisenziyaya malik podratçılara heç bir təsir mexanizmi yoxdur, onlar müstəqil sahibkarlıq subyektləridir. Buna görə də sövdələşmə, anlaşma və ya sövdələşmənin məbləği ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi heç bir cavabdehlik daşımır.Vətəndaş müqaviləni podratçı ilə bağlayır, ödənişi bank vasitəsilə həyata keçirir və texniki şərt əsasında layihələndirmə işini podratçı həyata keçirir".

Lalə Novruz, BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar