Xəbər verdiyimiz kimi, ölkədə “ikinci çörək” sayılan kartofun qiyməti artıb. Son bir həftədir ki, bazarlarda kartof alıcılara 1,20 - 1,50 təqdim olunur. Qiymət artımına səbəb kimi bazarda yerli məhsulun az olması və idxalın azalması göstərilir.
Son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 25 min hektara düşüb. Ölkədə kartof əkin sahələrinin azalması da kartofun qiymətinə təsir edir. Çünki istehsal azalanda qiymətlər qalxır. Məhsul az istehsal ediləndə bu, avtomatik qiymətlərə təsir edir.
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov
Bakupost.az -a deyib ki, istehsal olunan məhsul tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu da qiymət artımına səbəb olur:
“Yerli istehsal əhalinin tələbatını ödəmir. Biz də həmin məhsulu xaricdən idxal edirik. Həmin ölkələrdə məhsulun topdan satışına təsir edən amillər sırasında qiymət artımı, logistika qiymətlərinin artmasını göstərə bilərik. Bu, məhsulun ölkəmizdə qiymət artımına səbəb olan faktlar arasındadır”.
Ekspertin söylədiyinə görə, 2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb. Ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın.
Ekspertin dediyinə görə, kartof toxumu kimi istifadə edilən material əslində, toxum deyil, adi ərzaq üçün nəzərdə tutulmuş kartof yumrularıdır: "Ərzaq üçün nəzərdə tutulan kartof yumrularından toxum kimi istifadə etmək məhsuldarlığa təsir göstərir. Bu halda məhsuldarlıq arta, məhsulun keyfiyyəti yaxşılaşa və bu sahə inkişaf edə bilməz. Ölkəyə gətirilən gübrələrin keyfiyyəti də aşağıdır. Kəndlilərimiz buna görə yaxşı nəticə əldə edə bilmirlər. Kartof elementlərə tələbatı olan bitkidir, xüsusilə kaliuma tələbatı çoxdur. Təəssüflər olsun ki, bu sahədə də idxal monopoliyası mövcuddur. Monopolistlər imkan vermir ki, azad sahibkarlar digər ölkələrdən kartof gətirib, nisbətən ucuz qiymətə bazara təklif etsinlər. Bütün bu səbəblər ölkəmizdə kartofun qiymətini yüksəldir".
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yerli istehsal müxtəlif mövsümlərdə yetişir. Həmin mövsümlərdə də istehsal olunan kartofun bir hissəsi ixrac edilir. Bu da ilin müəyyən dövründə kartof çatışmazlığına səbəb olur: “Bu il kənd təsərrüfatı məhsullarının məhsuldarlığı çox aşağı düşüb. Ona görə də bu il əvvəlki illərdən fərqli olaraq, bazarda kartof qıtlığı müşahidə olunur”.
Ekspertin sözlərinə görə, idxalçılar süni şəkildə kartof idxalını azaldaraq qiymətlərin bahalaşmasına şərait yaradırlar. Onlar çox kartof gətirib az qazanmaqdansa, az kartof gətirib çox qazanmağı üstün tutur: “Digər tərəfdən də idxalçılar ehtiyat edir ki, böyük həcmdə kartofu ölkəyə gətirəcəklər, ardıyca da yeni kartof çıxacaq. Onların gətirdikləri kartofun qiyməti düşəcək və ziyana gedəcəklər. Yaza doğru getdiyinə görə sahibkarlar idxala həssas yanaşırlar. Ona görə də kartofun qiyməti bahalaşır”.
İqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, kartofun qiymətinin qalxması mövsümi amillərlə bağlıdır: “Qış ayları ilə əlaqədar yerli məhsulun becərilməsi həyata keçirilmir, ancaq ehtiyatda olan məhsulların satılır. Bu da qiymətlərə təsir edir. Digər tərəfdən, hesab edirəm ki, bəzi hallarda mağazalarda qiymət süni olaraq artırlır. Əgər biz müşahidə etsək, bazarlarda belə kəskin qiymət artımı olmur”.
Ekspertin dediyinə görə, əsasən də yerli məhsulun qiymətindəki artım onun keyfiyyətinin daha yaxşı olması ilə əlaqədardır: “Ölkəyə Belarusdan, Gürcüstan və İrandan idxal olunan kartoflar bəzən daha ucuz satılır. Lakin hesab edirəm ki, onların keyfiyyəti yerli kartof qədər deyil. Buna görə də yerli məhsul daha baha qiymətə alıcılara təklif olunur”.
Sevinc
BakuPost