Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:24 / 11 Oktyabr 2024

İlham Əliyevin Moskva səfəri nə ilə yadda qaldı?

6436
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasında rəsmi səfərdə olub.

Səfər çərçivəsində İlham Əlyev oktyabrın 8-də Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub. Görüş zamanı İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır:

“Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər:

“Əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”.

V.Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür:

“Həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində çoxlu sayda yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir”.



Oktyabrın 8-də Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib.

Prezident iclasda çıxışı zamanı deyib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb:

“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”.



Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib ki, Prezident Putin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşlərdə Zəngəzur dəhlizi mövzusunu müzakirə edib:

“Putin onların hər biri ilə ayrı-ayrılıqda təkbətək danışıb, yəqin ki, fikir mübadiləsi aparılıb, Zəngəzur dəhlizi mövzusuna da toxunulub”.

Politoloq Elxan Şahinoğlunun dediyinə görə, Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi, amma alınmadı:

"Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb. Uşakovun sonrakı cümləsi diqqət çəkib: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənməyib”. Uşakov “bəziləri” dedikdə kimi və ya kimləri nəzərdə tutub? Əslində Bakı ilə İrəvan arasında sülh sazişiylə bağlı fikir ayrılığı ortadan qaldırılmadığına görə, görüşə ehtiyac olmayıb. Buna baxmayaraq, İlham Əliyev və Nikol Paşinyan ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirmişdilər. Şoltsdan fərqli olaraq Putində alınmadı. Bu həm də onunla əlaqədardır ki, Bakı və İrəvanın Moskva ilə tərəfdaşlıq münasibətləri olsa da, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı deyil. Doğru olan da budur. Məsələlərin həlli birbaşa danışıqlardan keçir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, görüşə bir neçə saat qalmış Kreml tərəfindən belə bir məlumat yayıldı ki, üçtərəfli görüşlə bağlı Rusiya tərəfindən təklif irəli sürülüb, amma imtina olunub:

"Rusiya Prezidenti ilə həm Azərbaycan liderinin, həm də Paşinyanın ayrı-ayrılıqda görüşü keçirilib, müxtəlif sahələr istiqamətində müzakirələr aparılıb. Rusiya çalışdı ki, üçtərəfli danışıqlar olsun, hansısa xırda da olsa, nəticə əldə edilsin. Rusiya görüş təşkil etməklə vasitəçiliyə qayıtdığını nümayiş etdirmək istəyirdi, amma plan baş tutmadı. Vasitəçilik istəyini Moskva heç gizlətmir də. Bundan əvvəl də Rusiya rəsmiləri tərəfindən Moskvanın vasitəçiliyə hazır olduğu bəyan edilib. Putin Bakıda səfərdə olarkən də bəyan etdi ki, Rusiya Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün danışıqlara vasitəçilik etməyə hazırdır. Amma yenə deyirəm, Ermənistan bundan imtina edir. Çox güman ki, bu dəfə Kremlin üçtərəfli görüş təklifinə Ermənistan "yox" deyib".



Millət vəkili Vüqar Rəhimzadə deyir ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə, ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar:

“Möhkəm təməl davamlı uğurlara, eyni zamanda, etimad mühitinin daha da möhkəmlənməsinə yol açır ki, bu da öz növbəsində əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsinə çağırışlar edir. Ölkələrin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Azərbaycan və Rusiyanın vaxtilə vahid İttifaqda yer alması ölkələr arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın qonşu ölkələrlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır:

“Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanatı imzalayan üçüncü tərəf məhz Rusiya Prezidenti Vladimir Putin oldu. Postmünaqişə dövründə Azərbaycanın Ermənistana təkilf etdiyi sülh müqaviləsinin reallığa çevrilməsi istiqamətində də Rusiyanın gösərdiyi səylər dövlətimiz tərəfindən təqdir edilir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb:

“Ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələr arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, bu günədək imzalanan sənədlər, mütəmadi qaydada keçirilən iqtisadi forumlar, konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Hər bir səfər çərçivəsində gündəmə gətirilən məsələlər münasibətlərin gələcək inkişafına stimuldur”.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan MDB dövlətləri ilə, eyni zamanda Rusiya ilə sıx əlaqələrə malikdir. Bu gün bu əlaqələrin inkişafında həm İlham Əliyevin, həm də Vladimir Putinin böyük rolu və xidmətləri var:

“Azərbaycan-Rusiya münasibətləri daha da sürətlə inkişaf edir, yeni bir mərhələyə qədəm qoyur və bu da ikitərəfli əlaqələrin nə qədər əhəmiyyət kəsb etdiyini göstərir”.

Politoloq Xəyal Bəşirov hesab edir ki, iki ölkə arasında münasibətlər dostluq və müttəfiqlik xarakterlidir. Azərbaycanla Rusiyanı birləşdirən bir sıra məqamlar var. Hər iki ölkə Sovet İttifaqının tərkib hissəsi olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müstəqil siyasət yürütməsi və milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı Rusiyadan da yan keçməyib:

“Azərbaycan onun suveren hüquqlarını və ərazi bütövlüyünü qəbul edən ölkələrlə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Rusiya ilə münasibətlərdə Şimal-Cənub dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, burada enerji, təhlükəsizlik, humanitar məsələlər də mühümdür”.

Sevinc,
BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar