Ru
14:11 / 05 Dekabr 2024

İpoteka kreditlərinə tələbat niyə azalıb? - ŞƏRH

İpoteka kreditlərinə tələbat niyə azalıb? - ŞƏRH
3155


"Bu ilin üçüncü rübündə Azərbaycanda ipoteka kreditləşməsinə ümumi tələbat azalıb. Bu da əsasən faiz dərəcələrinin artması ilə əlaqədar bankların daxili ipoteka kreditlərinə müraciətlərin az olması ilə bağlıdır. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə bankların daxili resursları hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi müşahidə edilib, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına ipoteka kreditləşməsi qaydaları isə dəyişməyib.

Bankların gözləntilərinə görə, dördüncü rübün yekunlarına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin regional layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələbat artacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az-a bildirib ki, insanların nağd formada mənzil almağa maddi gücləri çatmadığına görə, kredit üsullarına əl atmağa çalışırlar. Adi ipotekalara tələbatın azalmasına səbəb ipoteka şərtlərinin çətin olması deyil:

“Statistikaya nəzər salsaq, görərik ki, son 2-3 il ərzində satılan əmlakların böyük bir hissəsi müxtəlif kredit şərtləri ilə satılıb. Lakin daşınmaz əmlak bazarında kəskin qiymət artımları baş verib. Hazırda ipoteka predmetinə çevrilə biləcək Bakının mərkəz ərazilərindəki köhnə tipli binalardakı 1 otaqlı mənzillərin satış qiyməti daha baha təklif olunur. Mərkəz və mərkəzə yaxın ərazilərdəki yeni tikililərdə isə 1 otaqlı mənzillərin satış qiymətləri isə təxminən 200 min manat təşkil edir. Sözsüz ki, otaq sayı artdıqca mənzilin ümumi satış qiyməti də artır”.

Ekspertin sözlərinə görə, 4 faizli ipoteka kreditləri üçün maksimal limit 100 min manata qədərdir:

"8 faizli ipoteka üçün isə bu məbləğ 150 min manat təyin edilib. Vətəndaşlar təxminən 5-6 il bundan öncə həmin pulla köhnə tikili binalardan 2-3 otaqlı mənzil ala bilirdilərsə, hazırda eyni məbləğlə maksimum 1 otaqlı ev ala bilirlər. Təbii ki, söhbət şəhərin mərkəz ərazilərindən gedir. Kənar yerlərdə bu qiymət nisbətən ucuzdur. Buna görə də vətəndaşlar düşünür ki, 25 il sadəcə 1 otaqlı mənzil üçün kredit ödəmək mənasızdır. Əgər əmlak bazarında yenidən qiymət enmələri müşahidə edilərsə, yalnız bu zaman ipoteka kreditlərinə tələb arta bilər".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar