Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:06 / 20 İyul 2024

İqtisadçılardan Nazim Baydəmirli ilə bağlı Prezidentə MÜRACİƏT

3532
Bir qrup iqtisadçı hazırda həbsdə olan, iqtisad elmləri doktoru, keçmiş millət vəkili və iş adamı Nazim Bəydəmirli ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Bakupost.az həmin müraciəti təqdim edir:




"Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyev

Hörmətli, cənab Prezident!

Sizə müraciət etməkdə məqsədimiz iqtisadçı həmkarımız, iqtisad elmləri doktoru, keçmiş millət vəkili və iş adamı Nazim Bəydəmirlinin həbsdə saxlanılmasından doğan narahatlığımızla bağlıdır.

Nazim müəllim 2023-cü il iyulun 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə, sentyabrın 1-də isə 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittihamlar irəli sürülüb.
İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Vəkilləri, ictimaiyyət nümayəndələri Nazim müəllimin həbsinin ötən il Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazına diqqətlə yanaşmanın vacibliyini qeyd etməsi ilə əlaqələndirirlər. Axı o özü Gədəbəylidir. Təbii ki, tanınmış ziyalı və iş adamı olduğuna görə biganə qala bilməzdi.

Hörmətli, cənab Prezident!

Nazim müəllim həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətimizin, cəmiyyətimizin maraqları ilə bağlı olduqca faydalı işlər görüb. O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər vermişdir. Bu da Sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur.

Nazim müəllim, həmçinin biznes fəaliyyətində nümunəvi iş adamlarımızdan biridir. Öz fəaliyyətində qanunçuluğu, şəffaflığı ali dəyər hesab edərək təşviq edib, sahibkarların hüquqi maarifləndirilməsinə çalışıb, vergi intizamına dəvət edib.



Hörmətli, cənab Prezident!

Nazim Bəydəmirli hazırda 61 yaşındadır, ömrünün 1 ildən artığını həbsxanada keçirib, səhhətində ciddi problemlər var. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirləri bir neçə dəfə uzadılıb, artıq iki aydan çoxdur məhkəməsi davam etdirilir.

Sizdən xahiş edirik ki, Milli Məclisin keçmiş üzvü, ziyalı, iqtisadçı-alim kimi onun fəaliyyətini, hazırki durumunu nəzərə alaraq, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi, ona qarşı irəli sürülmüş ittihamların ədalətli, şəffaf şəkildə araşdırılmasına yardım edəsiniz.

Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk.

İmza edənlər:

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqt. İnk. Yardım Fondunun rəhbəri
Rasim Həsənov, İqtisad elmləri doktoru, İqtisad Universitetinin professoru
İnqilab Əhmədov, İqtisad elmləri doktoru, Xəzər Universitetinin professoru
Azər Mehtiyev, İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisad Universitetinin dosenti
Elçin Rəşid, iqtisadçı ekspert
Samir Əliyev, iqtisadçı ekspert
Vahid Məhərrəmov, iqtisadçı ekspert"
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar