Ru
14:28 / 10 Mart 2025

İran, Çin və Rusiyanın birgə təlimi Qərbdə təşviş doğurdu

İran, Çin və Rusiyanın birgə təlimi Qərbdə təşviş doğurdu
Eye

İran, Çin və Rusiyaya məxsus hərbi gəmilər bazar ertəsi Oman körfəzində birgə təlimlərinə start verib.

Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, bu, ABŞ Prezidenti Donald Trampın uzunmüddətli Qərb alyansını sarsıtdığı bir vaxtda üç ölkənin hərbi əlaqələrini nümayiş etdirir.

Çin dövlət mediası yazır ki, İranın Çabahar limanı yaxınlığında keçirilən “Təhlükəsizlik Kəməri-2025” təlimləri, İran, Çin və Rusiyanın 2019-cu ildən bəri keçirdiyi beşinci birgə dəniz təlimidir.

Analitiklər uzun müddətdir ki, bu təlimləri üç avtoritar güc arasında artan tərəfdaşlığın nümayişi kimi görürlər. Onlar ABŞ-ın təsirinə qarşı çıxmaq və Qərbin rəhbərlik etdiyi qlobal nizama meydan oxumaq məqsədi güdürlər.

Lakin bu il Trampın transatlantik alyansı – onilliklər boyu Qərb təhlükəsizliyinin təməl daşını sarsıtması fonunda bu təlimlər daha da diqqətçəkən görünür. O, Ukraynanın hesabına Rusiyaya yaxınlaşır və Asiyadakı müttəfiqlərini ABŞ-ın müdafiəsi üçün daha çox ödəməyə məcbur edir.

Bazar günü keçirilən hərbi təlimlər barədə soruşulduqda Tramp ABŞ 3 rəqibinin güc nümayişindən “narahat olmadığını” bildirib.

“Biz onlardan daha güclüyük. Biz onlardan daha çox gücə malikik,” – deyə o, Air Force One təyyarəsində Fox News-a müsahibəsində söyləyib.

Vaşinqtonda Çin, Rusiya, İran və Şimali Koreya arasında yaranan strateji tərəfdaşlıqla bağlı narahatlıqlar artmaqdadır. ABŞ qanunvericiləri bu birliyi “avtoritarizmin oxu”, “avtokratların oxu” və ya “diktatorlar oxu” adlandırıblar.

Təhlükə ondan ibarətdir ki, ABŞ-a qarşı ortaq düşmənçilik bu ölkələri getdikcə daha sıx əməkdaşlığa sövq edir. Bu da onların hər birinin təkbaşına Vaşinqton və onun müttəfiqləri üçün yaratdığı təhlükəni daha da gücləndirir. Üstəlik, bu təhlükə təkcə bir bölgə ilə məhdudlaşmaya bilər, eyni anda dünyanın bir neçə yerində özünü göstərə bilər.

Eyni zamanda, Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün birbaşa Moskva ilə danışaraq, Kiyevi və Avropa müttəfiqlərini kənarda qoymaqla Rusiya prezidenti Vladimir Putinə açıq şəkildə dəstək nümayiş etdirir.

CNN qeyd edir ki, Rusiya və Şimali Koreya arasında hərbi əlaqələr son bir il ərzində əhəmiyyətli dərəcədə güclənib. İki ölkə qarşılıqlı müdafiə sazişi imzalayıb və Pxenyan Ukraynanın işğalı zamanı Rusiya üçün döyüşmək məqsədilə öz əsgərlərini göndərib:

"Ağ Evə qayıtdıqdan sonra Tramp, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün neft ixracını sıfıra endirməyə çalışan və özünün “maksimum təzyiq” kampaniyası adlandırdığı siyasətini bərpa edib. Tehran isə bu addımı “gözdağı” taktikası kimi qınayıb.

Oman körfəzi Hind okeanı ilə Hörmüz boğazını birləşdirən strateji əhəmiyyətli bir keçiddir. Dünyada dəniz yolu ilə ticarət edilən neftin dörddə birindən çoxu məhz bu marşrutdan keçir.

ABŞ bölgədə güclü mövqeyini qoruyur və burada yerləşən Beşinci Donanması Bəhreyndəki bazasında fəaliyyət göstərir".

Rusiya Müdafiə Nazirliyi birgə dəniz təlimlərində 15 döyüş gəmisi, dəstək gəmiləri və silahlı qayıqlarla yanaşı, helikopterlərin də iştirak etdiyini bildirib. Bu barədə Rusiya dövlət xəbər agentliyi TASS məlumat verib.

Çin, bu arada, dəniz müşayiət vəzifə qrupundan Baotou adlı Type 052D idarə olunan raketlə təchiz edilmiş dağıdıcı gəmisini və Gaoyouhu təchizat gəmisini təlimdə iştirak etmək üçün göndərib. Çin Müdafiə Nazirliyi təlimlərin "hərbi etimadı artırmaq və praktik əməkdaşlığı gücləndirmək" məqsədi daşıdığını, təlimlərdə dəniz hədəflərinə qarşı simulyasiya edilən zərbələr, eləcə də axtarış və xilasetmə işlərinin yer alacağını bildirib.

İran dövlət mətbuatı bildirib ki, bu ölkə təlimlərə raket korveti və patrul gəmisini göndərib.

Cavidan,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar