Məlum olduğu kimi, bu yaxınlarda İran və Ermənistan xüsusi təyinatlıları birgə təlimlər keçirib. Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terror qruplarının hücumunun zərərsizləşdirilməsi üzrə birgə hərəkətləri həyata keçiriblər.
Qeyd edək ki, təlimlərdə iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusu İranın ali dini rəhbərinə tabedir. Bu, İranın siyasi və hərbi rəhbərliyində Azərbaycana qarşı birmənalı olmayan yanaşmaları nümayiş etdirir.
Hərbi ekspert Emin Həsənli
Bakupost.az -a bildirib ki, İranın Ermənistana hərbi-siyasi dəstəyi İslam dövlətinin strateji maraqları ilə diktə olunur:
"Biz Qarabağ müharibəsi zamanı və ondan sonra İranın Ermənistana açıq-aşkar hərbi və siyasi dəstəyini gördük. Azərbaycan-İran münasibətləri bəzən kifayət qədər gərgin olsa da, hazırda problemlər diplomatiya yolu ilə həll olunur".
Ekspert hesab edir ki, Pezeşkianın Bakı səfəri öncəsi İran-Ermənistan təlimləri Azərbaycana deyil, İran rəhbərliyinə qarşı təxribatdır. Onun sözlərinə görə, bu təlimlərin gedişatına diqqət yetirdikdə onların heç bir strateji hədəfinin olmadığı aydın olur:
"Ona görə də mən düşünmürəm ki, Azərbaycan bu təlimlərdən narahat olur".
Sevinc,
BakuPost