Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlməsə, İranın başına pis hadisələr gələ bilər.
Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mediaya açıqlamasında deyib.
“Bildiyiniz kimi, mən onlara (İran hakimiyyətinə - red.) bu yaxınlarda məktub göndərdim və dedim ki, siz bu və ya digər şəkildə qərar verməli olacaqsınız, yaxud biz bu barədə müzakirə edəcəyik, ya da İranla çox pis bir şey olacaq. Mən bunun baş verməsini istəmirəm. Mən bunu gücdən və ya zəiflikdən demirəm. İstəyirəm, biz İranla bunun üzərində işləyək. Amma razılığa gələ bilməsək, İranın başına pis bir şey gələcək”, - o bildirib.
Qeyd edək ki, Tramp İranın dini liderinə məktub ünvanlayıb və Tehranı nüvə danışıqlarına dəvət edib. İran Oman vasitəsilə bir neçə gün öncə məktuba cavab verib.