Ru
12:46 / 15 Yanvar 2025

"İrəvanın ABŞ-la sazişinə çevik reaksiya verməliyik" - Politoloq

"İrəvanın ABŞ-la sazişinə çevik reaksiya verməliyik" - Politoloq
745


"Rusiya Azərbaycanın sərnişin təyyarəsini raketlə vurmaqla münasibətlərə kölgə salıb, kompensasiya və cinayətkarların cəzalandırılması tələbimizə reaksiya yoxdur, digər qonşumuz İrandan ölkəmizə qarşı təxribatlar davam edir. Bu arada, Ermənistan hökuməti Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirib, sərhədimizə avropalılarla yanaşı, amerikalı hərbçilər də yerləşdiriləcək".


Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Rusiya və İranın buna görə Ermənistanı cəzalandıracağı barədə mülahizələr özünü doğrultmaya bilər:

"Rusiya ilə Ermənistan arasında ticarətin həcminin 4-5 dəfə artmasının gizli tərəfləri var, Moskva bundan faydalanmaqdadır. Tehran isə Ermənistanın bütün şıltaqlıqlarına, hətta “şeytan” adlandırdığı Amerika ilə hərbi əməkdaşlığına da dözümlü yanaşmağa hazırdır, yetər ki, bunun Azərbaycana zərəri olsun.


Bölgədə baş verənlərə çevik reaksiya verməliyik, ümidimizi yalnız Donald Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa önəm verəcəyinə bağlamamalıyıq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yeni dövlət katibi, hər zaman ermənilərin mövqeyini müdafiə edən və Azərbaycan əleyhinə açıqlamalar verən senator Marko Rubio ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını çətin təsəvvür etsək də, oxşar sənədin Bakıya da təklif edilməsi ehtimalını diqqətdə saxlamalı və bundan imtina etməməliyik. Bütün hallarda əsas məsələmiz şərtlərimiz daxilində il ərzində Ermənistanı sülh sazişini imzalamağa təşviq etməkdir".

Zaur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar