Ru
13:50 / 07 Aprel 2025

İş qrafiki dəyişsə, tıxaclar aradan qalxacaq? - RƏYLƏR

İş qrafiki dəyişsə, tıxaclar aradan qalxacaq? - RƏYLƏR
Eye

Məlum olduğu kimi, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu işlərdən biri də Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən tənzimlənməsidir. 2025-2026-cı illərdə dövlət və özəl sektorun, eləcə də təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yanaşma ABŞ, Avropa, Türkiyə və Rusiyada artıq geniş şəkildə tətbiq olunur və Bakıda həyata keçiriləcək dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır.

Məsələyə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, iş saatlarının dəyişdirilməsi üçün hərtərəfli monitorinqlər keçirilməli, iş yerləri təsnifatlaşdırılmalı, işçilərin sayca çox olduğu müəssisələr müəyyənləşdirilməli, onlarda iş rejimi müəyyən olunmalıdır:


"Bütün bu proseslərdən sonra işəgötürənlərlə razılaşdırılaraq iş rejimi müəyyən edilə bilər. Bu prosesi bəzi iş yerlərində bir saat tez, bəzisində bir saat gec həyata keçirməklə tətbiq etmək mümkündür. Belə olan halda düşünürəm ki, tıxacları tənzimləmək mümkün olacaq".

S.Məmmədovun fikrincə, digər məsələlər də nəzarətə götürülərsə, nəticə daha ürəkaçan olacaq:

"Bu, kompleks tədbirlər çərçivəsində həyata keçirilməlidir ki, effektli olsun. Əsasən, təhsil müəssisələrində mümkün tənzimləmələr olmalıdır. Təhsil müəssisələri ilə bağlı xüsusi konsepsiya var. Hansı ki, bununla bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulub. Amma tıxacı yaradan məktəblərdir. Bəzi məktəblərin qarşısında maşınların saxlanılması və sair kimi məsələlər vəziyyəti daha da çətinləşdirir. O səbəbdən, bu kimi digər məqamlar da nəzarətə götürülməlidir".

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, əgər doğru sistem tətbiq olunsa, iş rejiminin dəyişdirilməsi məntiqlidir:


“Dünyada da belə sistem var. Bəzi özəl qurumlar, dövlət qurumları özləri öz işçiləri ilə razılaşaraq yeddi-səkkiz saatlıq iş rejiminə riayət etməklə işə başlama saatlarını dəyişə bilərlər. Məsələn, bəziləri səhər saat 7-də gəlib 4-də gedə bilir, bəziləri 8-də gələrək 5-də gedir. Dünya təcrübəsində belə yanaşmalar kifayət qədər çoxdur. Azərbaycanda bunun hansı formada tətbiq olunacağı, özəl şirkətlərin bu məsələdə maraqlı olması sual yaradır. Dövlət sektorunda asandır, bir əmrlə məsələ həll olunacaq. Amma özəl şirkətlərdə bir az problem olacaq. Yəqin ki, özəl şirkətlərdə xüsusi təşviq proqramlarına da ehtiyac yaranacaq”.

Ekspert vurğulayıb ki, təkcə iş qrafikinin dəyişdirilməsi ilə problem həll olunmayacaq. Bakı şəhərində nəqliyyat infrastrukturunun köklü şəkildə yenidən qurulması vacibdir. Şəhərin tikintisi və planlaşdırılması müəyyən normalara uyğun aparılmalıdır. Bakı sürətlə böyüyür və bununla bağlı yeni strategiyalar hazırlanmalıdır.

Millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişkən iş rejimi sahibkarlıq sahəsinə ciddi təsir göstərməyəcək. Yeni rejimdə iş vaxtı qısaldılmır, sadəcə vaxt dəyişir:


“Dəyişkən is qrafiki dövlət tərəfindən müəyyən edilə bilər, amma özəl sektor üçün məcburilik yoxdur. Özəl sektor üçün iş vaxtı ilə bağlı yalnız tövsiyə xarakterli müraciətlər təqdim oluna bilər. Şənbə və bazar günləri xidmət sektoru fəaliyyətini davam etdirir. Hətta dəyişkən qrafik olsa belə, xidmət sektorunda, xüsusən də özəl sektorun xidmətləri davam edir. Bu baxımdan iş vaxtının dəyişməsi sahibkarların fəaliyyətinə xüsusi təsir göstərməyəcək”.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun dediyinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda yer alan məsələlərdən biri də iş qrafikinin dəyişkən rejimdə təşkilidir:


“İş vaxtlarının dəyişdirilməsi tıxaclarla bağlı vəziyyəti yaxşılaşdıra bilər. Bu qayda ağıllı tətbiq olunarsa, faydası ola bilər. Burada əsas hədəf pik saatlarını uzatmaqdır”.

Ə.Hüseynovun sözlərinə görə, pik saatın xüsusiyyəti odur ki, hamı eyni vaxtda işə gəlir və eyni vaxtda işdən qayıdır: “Bu zaman qısa müddətdə, təqribən 1 saat ərzində ictimai nəqliyyat yüklənir, hamı metroya, avtobuslara axışır və onlar bu yükü qaldırmaqda çətinlik çəkir. Bununla yanaşı hamı fərdi avtomobillərlə kütləvi şəkildə yola çıxır və yollar da bu yükü qaldıra bilmir. İş vaxtlarının fərqləndirilməsi pik saatlarını uzada bilər. Bu rejim hər kəs üçün faydalı ola bilər. İnsanları bunun faydalı olduğuna inandırmaq lazımdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, eyni saatda yola çıxan nəqliyyat vasitələri yolda sıxlıq yaradır və daha sonra bu sıxlıq tıxaca çevrilir:


“Bizim də bununla bağlı təkliflərimiz var idi. Neçə il idi, cəmiyyətdə də müzakirələr gedirdi ki, bəzi iş yerlərinin iş saatları dəyişdirilsin. Məsələn, hansısa bir idarədə iş səhər saat 8-də başlayırsa, onun saat 4-də bitməsi normal ola bilər. Yaxud da, iş saat 10-da başlayıb saat 6-da bitə bilər. Bu məsələ artıq dövlət proqramında da təsbit olunub. Fikrimcə, bu proses həyata keçiriləcək və əlbəttə ki, bunun şəhərdə və şəhər ətrafı ərazilərdə yaranan sıxlığa müsbət təsiri olacaq. Burada təhsil müəssisələri də ciddi rol oynaya bilər. Onlar fərqli saatlarda işə başlayıb, fərqli saatlarda bitirsə, şəhərdə sıxlıq azalar. İşə müxtəlif saatlarda başlamağın hər hansı iqtisadi zərəri də olmayacaq".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar