Pakistan Azərbaycan müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və bu əlaqələr daim inkişaf etdirilərək, bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ildə Pakistanın Bakıda, 1997-ci ildən isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
Pakistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına görə Ermənistanı dövlət kimi tanımayıb. Azərbaycan da eyni zamanda Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib. İki ölkə arasında tarixi bağlara əsaslanan münasibətlər ötən otuz il ərzində dinamik inkişaf yolu keçib, II Qarabağ müharibəsində Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək bu münaisbətləri qırılmaz bağlarla möhkəmləndirib.
İyulun 11-də Prezident İlham Əliyev Pakistan İslam Respublikasına rəsmi səfəri zamanı Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycan liderini hava limanında şəxsən qarşılaması bu qardaş ölkədə ölkəmizə verilən önəmin bariz nümunəsidir. Paytaxt İslamabadda Prezident İlham Əliyevin fotolarının və Azərbaycan bayraqlarının asılması, Pakistan qırıcılarının bu ölkənin sərhədlərinə girişdən başlayaraq hava limanına qədər liderimizi müşayiət etməsi adi hal deyil, qardaşlıq və dostluğun vacib göstəricisidir.
Səfər zamanı hər iki tərəfdən hökumətin geniş tərkiblə iştirak etməsi, tərəflər arasında imzalanan sənədlərin çoxşaxəliliyi Bakı ilə İslamabad arasında dövlətlərarası dərin inteqrasiya və müttəfiqliyin daha da inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyev Pakistan prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşdə bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır:
“Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb. Biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq. Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksək rütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi”.
Görüşdə ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib. Ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Millət vəkili Tamam Cəfərova Bakupost.az -a bildirib ki, iki ölkə arasında tarixi bağlara əsaslanan münasibətlər ötən otuz il ərzində dinamik inkişaf yolu keçib, II Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bu münaisbətləri qırılmaz bağlarla möhkəmləndirib. Məhz bu kontekstdə Pakistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana olan münasibət birmənalı olaraq dəyişməz qalır. Bu amil ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir:
“İstər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Pakistan Azərbaycana dəstəyini nümayiş etdirib. 1993-cü il aprelin 30-da keçmiş Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. 1996-cı ildə Ulu öndər Heydər Əliyevin Pakistana səfəri ölkələr arasında münasiibətlərin inkişafına olduqca müsbət təsir edib. Prezident İham Əliyevin dövründə də Azərbaycan və Pakistan arasında bir çox sahələrdə əməkdaşlıq imkanları geniş vüsət alıb, xalqlarımız arasında mədəni əlaqələr daha da möhkəmlənib”.
Politoloq Zaur Məmmədovun dediyinə görə, Prezident İlham Əliyevin İslamabadda səfərı Bakının regional və qlobal kontekstdə böyük hədəflərinin olduğundan xəbər verir:
“Sözsüz ki, ilk növbədə, söhbət hərbi texniki, təhlükəsizliklə bağlı bəlkə də bir çoxlarının təsəvvür etmədiyi hədəf və razılaşmalardan gedə bilər. Yaxın onilliklərdə regional və qlobal güclərin Qafqazla bağlı təhlükəli planlarının olduğunu istisna etməsək, Pakistanın Azərbaycanla strateji müttəfiqliyinin həmin planları alt-üst etməyə qadir olduğunu deyə bilərik. Xarici siyasət tam olaraq intensiv şəkildə həyata keçirilir. Hər iki ölkə daim ərazi bütövlüyü məsələsində bir-birinə açıq şəkildə dəstək ifadə edir. 44 günlük müharibədən sonra rəsmi Bakı Pakistan üçün ağrılı məsələlərdə bu dövlətin yanında olduğunu bildirib.
Ən son isə Azərbaycan Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin, Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləməkdədir”.
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanla Pakistan arasında dost-qardaş münasibətləri mövcuddur. Bu əlaqələr ildən-ilə çox sürətli inkişaf edir, möhkəmlənir:
“Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib, dəstəkləyib. Prezident İlham Əliyevin Pakistana səfəri ikitərəfli münasibətlərə töhfələrini verəcək və əməkdaşlığımız daha da dərinləşcək. İki ölkə arasında hərtərəfli münasibətlərin inkişafı üçün zəngin potensial var”.
Ceyhun Məmmədov vurğulayıb ki, bölgəmizə təhlükəsizliyin gəlməsində həm Azərbaycan, həm də Pakistan fəal şəkildə iştirak edəcək.
Sevinc,
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.