İspaniyanın Valensiya əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 52 nəfər ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə “El Pais” Daxili İşlər Nazirliyinin vahid əməliyyat-əlaqələndirmə mərkəzinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, oktyabrın 29-da axşam saatlarında İspaniyanın şərq və cənub bölgələrinə güclü yağışlar yağıb. KİV və sosial şəbəkələrdə yayılan videolarda su axınının avtomobilləri, körpüləri apardığını, küçələrin su ilə dolduğunu görmək olar.
Nəşrin məlumatına görə, Valensiyada onlarla insan gecəni yük və minik avtomobillərində, mağaza və yanacaqdoldurma məntəqələrinin damında, eləcə də yollarda ilişib qalmış avtomobillərində keçirib. Bir çox insan xilas edilsə də, bəziləri hələ də yolların və infrastrukturun vəziyyətinə görə onlara çata bilməyən təcili yardım xidmətlərindən kömək gözləyir.
Səlahiyyətlilər fövqəladə hallar üzrə hərbi bölmələri işə salıb. Bölgə hökumətinin başçısı Karlos Mazon zərər çəkmiş ərazilərdə xilasetmə əməliyyatının davam etdiyini bildirib.
Kuenka əyalətinin Mira şəhərində 88 yaşlı qadın evində ölü tapılıb. Leturda (Albasete əyaləti) daşqından sonra itkin düşən daha 6 nəfərin axtarışları davam edir.
İlkin məlumatlara görə, ölkə üzrə daşqınlar nəticəsində azı 52 nəfər ölüb. Mazonun sözlərinə görə, ölən və yaralananlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Media hava hərəkətinin pozulduğunu yazır. Valensiyada bəzi reyslər ləğv edilib və ya digər bölgələrə yönləndirilib. Bu əyalətdə dəmir yolu xidmətləri də tamamilə dayandırılıb, bəzi yollar bağlanıb. Meteoroloqların hesablamalarına görə, cəmi səkkiz saat ərzində Valensiyaya 491 mm yağıntı düşüb ki, bu da təxminən illik normadır.
Elnur
BakuPost