İsrail Qəzza zolağına hücumda Fələstinin radikal HƏMAS hökumətinin baş naziri İssam əd-Daalisi öldürüb.
Bakupost.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, raketlərdən biri həmin an ad-Daalisin olduğu evə düşüb.
Telekanal həmçinin qeyd edir ki, İsrailin hava hücumları nəticəsində Qəzza hökumətinin daxili işlər naziri müavini Mahmud Əbu Vatfa da öldürülüb.
Hələlik HƏMAS-dan rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 2025-ci ilin 19 yanvarında Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib. Atəşkəsin 42 gün davam etməsi gözlənilirdi. Bu müddət ərzində İsrailə 33 girovun qaytarılması və təxminən 1000 fələstinli məhbusun azad edilməsi planlaşdırılıb. 2 martda atəşkəsin birinci mərhələsi başa çatıb, lakin İsrail və HƏMAS arasında ikinci mərhələnin uzadılması barədə razılıq əldə edilməyib.
Martın 18-nə keçən gecə İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, bu addım Fələstin hərəkatının ABŞ-ın atəşkəsi uzatmaq təkliflərini rədd etməsi səbəbindən baş verib.
Bundan əvvəl HƏMAS İsraili Qəzzada hərbi əməliyyatların bərpasına sərt cavab verəcəyi ilə hədələyib.