“İndiyə qədər müəllimlərin təkrar sertifikasiyasında nəticəsi uğursuz olan 5 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Bu müəllimlər sertifikasiyanın birinci məlhələsində uğur qazanmayan və ya ümumiyyətlə, iştirak etməyənlərdir. Onlara bir il ərzində, iş yeri saxlanmaqla, qanunvericiliyə uyğun olaraq şans verilib. Bir çoxları ikinci dəfə yenidən imtahanda iştirak etməyiblər. Yaxud da iştirak edib ikinci dəfə də uğur qazanmayıblar. Bu səbəbdən də onların əmək müqaviləsinə xitam verilib. Amma onların müəllim işləmək hüququ əllərindən alınmayıb. Növbəti illər üçün hazırlaşıb MİQ imtahanında iştirak edə bilərlər”.
Bunu təhsil eksperti Elşən Qafarov Bakupost.az -a bildirib.
O qeyd edib ki, biz daha çox şagirdlərin taleyini düşünməliyik:
"Bu gün şagirdlərə daha bacarıqlı və bilikli müəllimlərin dərs deməsi şərtdir. Sertifikasiyada müəllimlərə kifayət qədər böyük güzəştlər edilir. Əvvəla, sertifikasiyaya çox asan suallar salınır. Müqayisə edəndə gördük ki, suallar 7, 8, 9-cu sinif sualları idi. Müəllimlərin metodiki bilikləri demək olar ki, yoxlanılmadı. Sertifikasiyadan keçə bilməyən müəllimlər bunu nəzərə alıb ciddi düşünməli və hazırlaşmalı idilər”.
Ekspert vurğulayıb ki, sertifikasiya prosesi dövlət siyasətinin bir hissəsidir:
"Müəllimlər bilməlidir ki, sertifikasiya prosesi daim davam edəcək. Ona görə də müəllim peşəsini seçən insanlar həmişə öz üzərlərində işləməlidir. Çünki növbəti sertifikasiyalarda daha çox müəllimlərin metodiki bilikləri yoxlanılacaq. Müəllimin ən böyük hazırlığı sinifdədir. O, sinifə daxil olarkən daha peşəkarcasına dərs deməlidir. Hər gün öz üzərində işləyən və sinifdə yaradıcı fəaliyyət göstərən müəllimlərin sertifikasiya imtahanından keçmək problemi yoxdur”.
Sevinc,
BakuPost