Ru
23:51 / 12 Fevral 2025

İtaliyada Leonardo da Vinçinin təsvir etdiyi sirli tunellər tapıldı - FOTOLAR

İtaliyada Leonardo da Vinçinin təsvir etdiyi sirli tunellər tapıldı - FOTOLAR
1057

Milanın mərkəzində yerləşən Sforza qalasının altında bir qrup tədqiqatçı yeraltı tunellər şəbəkəsi aşkar edib. Bu tunellər, ehtimal ki, Leonardo da Vinçinin 1495-ci ilə aid eskizlərində təsvir olunub. Uzun müddət qədim müdafiə strukturlarının bir hissəsi olan bu keçidlər müasir texnologiyalar ələ alınana qədər görünməz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Lifehacker" nəşri məlumat yayıb.

"Sforza qalası XIV əsrdə inşa edildiyi vaxtdan bu günə qədər dəfələrlə yenidən qurulub və dəyişikliklərə məruz qalıb. XV əsrin sonlarında Milan hersoqu qalaya bədii tərtibat verməsi üçün Leonardo da Vinçini cəlb edib. Məhz o dövrdə dahi sənətkar qalaya aid müdafiə istehkamlarını və sirli yeraltı keçidləri təsvir edən eskizlər yaradıb. Lakin bu keçidlərin dəqiq yeri uzun illər sirr olaraq qalıb", - deyə nəşr yazır.

Milan Politexnik Universitetinin memarlıq tarixçisi Françesca Biolo, lazer skan etmə, GPS, 3D yerdən nüfuz edən radar və fotoqrammetriya texnologiyalarından istifadə edərək qalanın yeraltı məkanlarının genişmiqyaslı tədqiqini həyata keçirib. Onun komandası ikinci yeraltı səviyyədə nəinki bir neçə otaq, həm də artıq məlum olan tunelə paralel başqa bir gizli keçid aşkar edib.
Bioloya görə, əldə edilən nəticələr gözlənildiyindən qat-qat genişmiqyaslı olub. Alimlər əmindirlər ki, tapılan tunellər məhz da Vinçinin eskizlərində təsvir olunanlardır. Onun qalanın müdafiə sisteminin layihələndirilməsində birbaşa iştirakına dair sübutlar hələlik tapılmasa da, bu kəşf tədqiqatçıların marağını ciddi şəkildə artırıb.

Tədqiqatçılar əmindirlər ki, qalanın altında hələ də çoxlu açılmamış sirlər gizlənir. Təəssüf ki, Milanın sıx şəhərsalma strukturu səbəbindən burada ənənəvi arxeoloji qazıntılar aparmaq çətindir. Buna görə də axtarışlar tarixi Sforza qalasının altında gizlənən bütün sirləri açmaq üçün ən müasir rəqəmsal texnologiyalardan istifadə etməklə davam etdiriləcək.

Lalə, BakuPost

İtaliyada Leonardo da Vinçinin təsvir etdiyi sirli tunellər tapıldı - FOTOLAR
İtaliyada Leonardo da Vinçinin təsvir etdiyi sirli tunellər tapıldı - FOTOLAR
İtaliyada Leonardo da Vinçinin təsvir etdiyi sirli tunellər tapıldı - FOTOLAR
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar