Ru
13:24 / 02 Oktyabr 2024

İtkin düşmüş şəxslərin siyahısına 84 nəfər əlavə edilib

636
BQXK ilə əməkdaşlığın əsas elementləri hər iki tərəfdə saxlanılanların qeydiyyata alınması, əsir girovların siyahılarının dəqiqləşdirilməsi və meyitlərin verilməsi ilə bağlı olub.

Bakupost.az xəbər verir ki, bunu Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.


O bildirib ki, itkin düşmüş şəxslərin ailələri şəhid ailəsi hesab edilir:

“Şəhid ailələrinə olan bütün imtiyazlar onlara da şamil edilir. Münaqişə ilə bağlı BMT-nin məlum qətnamələrinin icra edilməməsi itkin düşmüş insanlarımızın taleyinin müəyyənləşdirilməsinə imkan verməyib. Azərbaycanlı ailələr itkin düşmüş yaxınlarından 30 il xəbər ala bilməyib”.

O bildirib ki, Dövlət Komissiyası 2021-ci ildən etibarən azad olunmuş ərazilərdə qazıntı, axtarış işlərinə başlayıb.

“Bu işdə bizə əsas maneə ərazilərin minalanmış olmasıdır. Bu günə qədər 642 eksumasiya işi həyata keçirilib. 2014-cü ildən etibarən artıq itkin ailələrdən 11284 bioloji nümunə toplanıb”.

Onun sözlərinə görə, genetik laboratoriya itkin düşmüş ailələrdən nümunələrin toplanması, meyit qalıqlarının eyniləşdirilməsi işinə yüksək səviyyədə cavab verir:

“90-cı illərdə işğal edilmiş ərazilərdə itkin düşmüş şəxslərin basdırılmış olduğu ərazilər barədə məlumatlar toplanıb. I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin fərdi və kütləvi dəfn yerləri barədə məlumatlar toplanıb. Azad edilmiş ərazilərdə çox sayda kütləvi məzar yerləri var”.

O, həmçinin deyib ki, Vətən müharibəsindən sonra yaranmış yeni situasiyada itkin yaxınları barədə məlumat almayan insanlarda böyük ümidlər yaranıb:

“O bildirib ki, son illərdə intensiv olaraq, əvvəl itkinləri barədə məlumat verməyən şəxslər də Komissiyaya və Baş Prokurorluğa müraciət edir. Əvvəl Dövlət Komissiyasında itkin düşmüş 3890 nəfər qeydiyyat idi, son 3 ildə isə bu siyahıya 84 nəfər əlavə edilib. Müraciətlərin davam etməsi sayın artacağını deməyə əsas verir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar