"Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyərək onlara bəraət verilməsini xahiş ediblər.
Hökmə əsasən Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib.
Onunla birgə ittiham olunan İstək Totiyeva isə 2 il müddətində sınaq müddəti seçilməklə şərti cəza verilib.
Xatırladaq ki, dövlət ittihamçısı Teymur Kərimovun 9 il, İstək Totiyevanın 3 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Teymur Kərimov və İstək Tatiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.