İlham Əziz
“Vətəndaş A” serialı barədə bir neçə qeyd
“Vətəndaş A” serialına baxdım. Operator işi, işıq, rəng yaxşıdır. Dramaturgiya da yerindədir. Kəndin problemlərinə toxuna biliblər. Aktyor oyunları da normaldır.
Qurban müəllim son zamanlar özünü oynayır. Rejissor nə çəksə, ssenarist nə yazsa, xeyri yoxdur, özünü oynayır, hansısa bir obrazında ilişib qalıb, çıxa bilmir. Baş rolun ifaçısı da yaxşıdır. Sadəcə bəzi məqamlarda ssenari aktrisanı pis vəziyyətdə qoyur, süni şeylərə məcbur edir.
Bir sual maraqlıdır, görəsən, məktəb uşaqlarının evlənmək üçün qaçıb gizlənməsinə kömək etmək qanuna zidd əməl deyil ki? Qaçan qız obrazı çox kobud ifadələr işlədir, qaçdığı oğlanı “qoyun”, “gic”, “azzar” “başıboş” adlandırır.
Kəndin hamısı guya bədbəxt ailələrdir, hamını məcbur evləndiriblər. Belə şey yoxdur, əzizlərim.
Heç bir kənddə müəllimə yolda “məmələrin tullanır” deməzlər, kimsə bunu desə, kənd camaatı o adamı eldən qovar.
Feminist çıxışlar, ən rahat olan – dinin aşağılanması serial boyu fontan vurur. Kəndin ağsaqqalı əyilib xadimə qadının yubkasının altından baxır. Ayıbdır, vallah.
Serialda bir kəndin camaatı müxtəlif ləhcələrdə danışır. Təbiiliyi belə yaratmaq istəyiblər, bu nüans yaddan çıxıb.
Kənd xeyli “Pavlik Morozov”lar yetişdirir. Hamı ailəsini, atasını satmaq arzusu ilə alışıb-yanır. Cəfər Cabbarlının pafosu bura da sıçrayıb. Müəllimə oturduğu yerdə tikiş sexi açmaq istəyir. Boyundan böyük işlərə qarışır. Xeyli vəsait xərclənib. Məkanın çoxluğundan, aktyor ansanblından görünür. Belə seriallar sosialist cəmiyyəti qurmaq istəyənlərin arzusu olmalı idi.
Zarafatlar bəzən çox naşı və bayağıdır.
Serialı sənət müstəvisində çək-çevir eləmək düzgün deyil. Burda sənətdən söhbət gedə bilməz. İlin-günün bu vaxtı Cəfər Cabbarlının əsərinə bu səpkidə müracət, yüngül desək, mənasızdır. Onda sənət olardı ki, o əsərə ironiya edilərdi.
Serialda sosial mesajların ardı-arası kəsilmir, o qədər mesaj yükləyiblər ki, bilmək olmur nəyin arxasına düşəsən.
Cabbarlı ilə eyni vaxtlarda yaşayan, demək olar ki, eyni yaşda da özünə qəsd edən Cezare Pavesinin “Ay və tonqallar” əsərini oxuyuram və mənə gün kimi aydındır ki, əsl kommunist Pavese olub, Cəfər Cabbarlının yazdıqları isə təbliğat-təşviqat xarakterilidir. Elə bil kiməsə kommunistliyini sübut etmək istəyib.
Çox istərdim ki, bizim sənət adamları sosialist tör-töküntülərinə qayıtmasınlar. Onların bir qəpiklik sənət dəyəri yoxdur. Şükür, ortada vəsait də var, müasir yazıçılarla işləsinlər, çox ciddi sənətşünaslarımız var, onlarla məsləhətləşsinlər. İctimai TV-nin layihəsi olduğuna görə bunları deyirəm, özəl şirkətlərlə işim yoxdur, özləri bilər.
Bütün bunlarla yanaşı İtv-nin son illərdə gördüyü işləri alqışlayıram, sənət adamlarımıza, bu serialın yaradıcılarına yeni uğurlar arzulayıram.