Ru
12:35 / 24 Aprel 2025

Kərə yağının qiymətində kəskin artım - İstehsal niyə zəifləyib? - ARAŞDIRMA

Kərə yağının qiymətində kəskin artım - İstehsal niyə zəifləyib? - ARAŞDIRMA
Eye

“Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar xammalı xaricdən gətirir. Onlar idxal məhsullarının qiymətinə həssas yanaşır. Çünki idxal faktoru süd və yağ məhsullarında daha çoxdur. Azərbaycan kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir".

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli kərə yağının bahalaşması barədə danışarkən deyib.

O bildirib ki, Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbindən süd məhsulları bahalaşıb. Hazırda bütün dünyada süd məhsullarının qiymətində artım müşahidə olunur:

“Ölkədə südlük istiqamətli heyvanlar tələbatı ödəyəcək sayda deyil. Onsuz da iqlim dəyişmələri, otlaq sahələrinin azalması və sairlə bağlı xərclər artıb. Yerli süd məhsullarımız da bahadır. İdxal qiymətləri yüksəldikcə bazarda həm idxal, həm də yerli kərə yağının qiyməti artır”.

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycan kərə yağını əsasən, xaricdən alır. Dünya bazarında qiymətlərin yüksəlməsi daxili bazara da təsir edir:

"Son illər ölkəmizin ərzaq məhsulları, xüsusən də kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığının artması ciddi narahatlıq doğurur. Ancaq Azərbaycanda kərə yağı təminatı elə əvvəldən idxaldan asılı olub. Yerli məhsullar daxili tələbatı ödəmək gücündə deyil. Ölkəmizdə ət və ət məhsullarının da idxalında kəskin artım müşahidə edilir. Bütün bunlar da kifayət qədər ciddi tendensiya sayılır".

Pərviz Heydərov hesab edir ki, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılması kərə yağının qiymətinin sabitləşməsinə və əhalinin bu məhsula əlçatanlığının yaxşılaşmasına müsbət təsir göstərə bilər:

"Heyvandarlıq və süd məhsulları istehsalının inkişaf etdirilməsi vacibdir. Bu, ölkədə kərə yağının qiymətinin sabitləşməsinə kömək edər".

İqtisadçı qeyd edib ki, daxili xammalla yerli kərə yağı istehsal edə bilmirik: "Qiymət fərqliliyini ortaya çıxaran məhz idxal faktorudur. Yerli istehsalda da xammal idxal hesabına təmin olunur. Sırf daxili xammal hesabına kərə yağı istehsalı mümkün deyil. Dünyada xammalın da qiymətində artım müşahidə edilir. Ona görə yerli istehsal məhsullarının da qiyməti qalxıb. Heyvandarlığı inkişaf etdirməliyik. Xüsusən süd və yağ istehsalı istiqamətlərinin inkişafına önəm verməliyik. Ölkədə yerli kərə yağı istehsalı sahəsində sahibkarlığın inkişafının qayğısına qalmalı, bu istiqamətə xüsusi diqqət yetirilməlidir”.

İqtisadçı ekspert Rauf Qarayevin dediyinə görə, kərə yağının istehsalının azalması ölkədə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir:

"Torpaq sahələri zəbt olunub, örüş sahələri özəlləşdirilib, yem bazası qıtdır. Ölkəmizdə heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən almaq isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür və məcbur qalıb heyvan saxlamaqdan imtina edir, kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik. Faktiki olaraq bu sahədəki tələbatı ödəmək üçün idxaldan asılıyıq”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar