Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:58 / 14 Sentyabr 2024

Köçəri mədəniyyətinin yaratdığı bayram... - Aktotı Raimqulova ilə müsahibə

5223
Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları böyük uğurla başa çatdı.
Tədbirdə 89 ölkədən gəlmiş 2800 nümayəndə iştirak edirdi. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimqulova öz təəssüratlarını bizimlə belə bölüşdü:

- Türk Mədəniyyəti və İrsi Fondu öz adına sadiq qalaraq, bu dəfə də türklərin qədim adət-ənənə və mədəniyyətini nümayiş etdirmək məqsədi ilə paytaxt Astanada V Dünya Köçəri Oyunlarına qatılmaqdan məmnunluq duyur. Bizim Fond bu genişmiqyaslı tədbirdə iki böyük türk çadırı - qazaxların dediyi kimi, iki jurta qurmuşdu. Bu çadırlarda Azərbayacn, Türkiyə, Qırğızıstana aid mədəni və tətbiqi sənət, əl işləri nümayiş olunurdu. Azərbaycandan dəvətli olan İçərişəhər ənənəvi incəsınət ustaları, Qırğızıstandan saçaq, çadır divarlarını bəzəyən xalı-xalça toxuyanlar, rəssamlar, heyvanların buynuzundan, sümüklərindən gözəl sənət əsəri yaradan ustalar, Türkiyədən isə qədim ebru, kalliqrafiya və xəttatlıq, nəqşibəndilik sənətini yaşadan istedadlı və peşəkar sənətkarlar dəvət olunmuşdular.

Özünüz də gördünüz ki, bizim çadırlara gələn qonaqlar adını saydığım sənət növlərinə necə maraq göstərirdilər. Adından gördüyünüz kimi, bizim qurum Türk Mədəniyyəti və İrsi Fondu adlanır. Biz türk ölkələrinin qədim irsi və mədəniyyətinin qorunmasına çalışırıq. Və qoruduqlarımızı, aşkara çıxardıqlarımızı dünyanın 5 qitəsindən - 89 ölkədən gələn qonaqlara da layiqincə göstərə bildik. Etnoaulda qurulan yüzlərlə çadırın içərisində ziyarətçilərin heyranlığını görmək məndə qürur hissi yaradırdı. Əslində nümayiş olunan əl işləri, toxunan tikmələr, şadırda şanırakdan, yəni bacadan asılıb divara qədər uzadılan tikmələr, bəzəklər türk xanımlarının gözünün nuru, ürəklərinin istisi ilə toxunan əl işləridir. Hər bir elementin öz simvolu, mənası vardır. Xanımlar bu işləmələrlə hər bir elementin insan həyatında, məşətində nə qədər əhəmiyyətli olduğunu göstərməyə çalışıblar. Məsələn, kerekələr, baskurlar, bəzəkli lentlər... şaçaqların hamısı əllə toxunur və bu bəzəklər çadırlardan asılırdı. Elə elementlər, bəzəkli işləmələr, zəncirlər var idi ki, evin sahibi uzaq yerə, ova gedəndə şanırakın ortasından asılırdı. Bunun mənası o idi ki, səfərə gedən evin sahibi, kişisi sağ-salamat qayıtsın. Boz çöllərin sirri və məişətinin uzunömürlü və toxunulmaz olması bu elementlərdən çox asılı idi.

- Aktotı xanım, mənim diqqətimi çəkən Qazaxıstanın Milli Muzeyində keçirilən “Köçərilər: tarix, bilgi , dərslər” adlı elmi praktik konfrans oldu.

- Doğru deyirsiniz. Bu konfransda dünyanın 89 ölkəsindən dəvətli olan 75 alim elmi məriuzə ilə çıxış edirdi. Məruzələrin hamısında köçərilərin, Böyük çöldə yaşayan türklərin həyat və məişəti, şahlanma dövrü, heyvanları əhilləşdirmə bacarıqları, silah düzəltmələri, incə-zərif zərgərlik məmulatları, geyimləri, ənənələri, inancları, intəhasız çöllərdə ulduz işığında qət etdiklləri yollar və yaratdıqları xəritələr haqqında, hətta nə yeyib-içdikləri, isti və soyuq səhralarda, çöllərdə ərzaqlarını necə əldə etmələri, saxlamaları haqqında çox maraqlı məruzələr dinlənildi. 3 gün davam edən konfransda 1200 dinləyici iştirak etdi. Bu konfransda ən çox diqqətə və müzakirəyə səbəb olan isə Azərbaycandan dəvət olunmuş tarix elmləri doktoru Həsən Həsənovun türk sivilizasiyası, qədim köklərimiz haqqında elmi məruzəsi oldu. Böyük adamlar böyük auditoriyaları mat qoya bilirlər.

- Köçəri Oyunları çərçivəsində Qazaxıstan dövləti proqrama 21 oyun növü salmışdı. Hər bir oyunun da kökü və ənənsi qədim dövrlərə gedib çıxır.

- V Dünya Köçəri Oyunlarının açılış mərasimində qonaqaları Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev salamladı. Onun çıxışında maraqlı bir məqam var idi. Dedi ki, biz əvvəllər xalqlarımıza məxsus olan bu oyunları Olimpiada adlandırırdıq. Necə deyərlər, köçərilərin Olimpiadası. İndi isə bu oyunları dünyaya nümayiş etməklə, köçərilərin sivilizasiyasını göstərir, eyni zamanda, idmanın sülh və həmrəylik rəmzi olduğunu qlobal səviyyədə göstərmək istəyirik. Qazaxıstan Prezidentinin dediyi kimi, idman həm də sülhə çağırışdır. Yadınızdadırsa, Olimpiada keçirilən ölkələrin bir devizi olardı: “Dünyaya sülh!” Qazaxıstan da, bütün türk dövlətləri də hər zaman bu arzu ilə yaşayıb və bəşəriyyətə gərəkli olan bu arzunu həyata alnıaçıq, üzüağ keçiriblər. Köçəri Oyunlarında ali qonaq kimi iştirak edən Dünya Etnospor Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan da öz çıxışında qeyd etdi ki, Dünya Köçəri Oyunları milli idman növlərinin birləşdirilməsini ideya kimi bir araya gətirən çox mühüm hadisəsir. Biz bununla ümumi mədəniyyətimizi qoruyur və gələcək nəsilə ötürürük.

Belə möhtəşəm tədbirlərin keçirilməsi, 5 qitədən gələn qonaqların türk çadırlarında bir araya gəlməsi, türk torpaqlarında yarışan atların ayaq səsləri özü türk sivilizasiyasının və mədəniyyətinin harmoniyasıdır. Bu oyunlarda at üstündə təkcə batırlarımız deyil, eyni zamanda boylu-buxunlu gözəl xanımlarımız, qızlarımız da yarışırdılar. Təsadüfi deyil ki, 21 növ çölçü və köçəri oyunlarında 100 medal dəsti qazanıldı. Əslində burada iştirak edən ölkələrin hamısı qalib idi. Amerikadan, Kanadadan, Yaponiyadan, Argentinadan, Avropadan gələn qonaqları həm də “Püt”,”Jambı” “Qalxan” oyunlarında atı çaparaq hədəfə ox, nizə atan türk qızları heyran etdilər. Onların hər birinin at belində şahhanə oturuşu, hədəfə atdığı ox və nizələrin yan keçməməsi də bir başqa sevinc və heyranlıq yaradırdı.

- Elmi konfransda həm də Köçəri Oiyunlarının fəlsəfəsindən danışıldı. Bu fəlsəfəninin nədən ibarət olduğu da maraqlıdır...


- Aida xanım, Türk dünyasının və Böyük Çölün fəlsəfi fikir adamı, tanınmış və unudulmayan şairimiz Abay Kunanbayevin "Yeddi Xəzinə" fəlsəfəsi həqiqətən də Köçəri Oyunlarının mayasını təşkil edirdi. "Yeddi Xəzinə" ənənəvi qazax dünyagörüşündə fəlsəfi anlayışlardan biridir. Qazax xalqı "Yeddi Xəzinə"ni insanın həyatı ilə əlaqələndirir və onun konsepsiyasına aşağıdakıları aid edir:
1.Batır, yəni igid ər; 2.Gözəl və ağıllı qadın; 3.Ov tazısı; 4.Beren tapançası, qədim dövrdəki tapançanın adı idi., yəni silah; 5.Köhlən at;
6.Ağıl və bilik; 7.Berkut, yəni qartal.

Qazax xalqının "Yeddi Xəzinə"si həm də “Yeddi əməl” deməkdir. Siz özünüz gördünüz ki, hər çadırın qarşısında oturan milli geyimdəki, boylu-buxunlu, iri cüssəli oğlanlar, gözəl bayan-qızlar belə qollarında qartal tutmuşdular. Yanlarındakı tazını tumarlayırdılar. Atın da alınından öpürdülər. Bu heyvanlar hər zaman türkün və Böyük çöl oğlunun yol yoldaşı olublar. Təsadüfi deyil ki, bu günlərdə qazax xalqının istəyi ilə Tazı cinsli it qazaxların və türk xalqlarının iti kimi dünyanın qeyri-maddi irs siyahısına daxil edildi.

- Aktotı xanım, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri kimi sizin dəvətinizlə gəldiyim bu möhtəşəm tədbirdən böyük zövq aldım. Burada görüb, müşahidə etdiklərim birliyin gələcəkdə İpək Yolu üzərində yerləşən ölkələrdəki mədəniyyət tariximizi incələməyə, araşdırmağa çox yardım edəcək. Ata Yurdum Qazaxıstandan isə Azərbaycana dombrada çalınan çöl musiqilərini, at dırnaqlarından qopan səsləri, qartalların burada keçirilən ov yarışlarında səmada göstərdikləri uçuşlarının yaratdığı mənzərələrin təəssüratını aparıram. Türk yurduna dünyanın hər yerindən gələn adlı-sanlı, şöhrətli qonaqlar Qazaxıstanda türk ellərinin çadırlarında çaldıqları toydan, şadyanalıq və sevincdən evlərinə pay aparacaqlar. Qoy dünyada sülh olsun. Biz də əl-ələ verərək, bu sülh nəğmələrinə, çağırışlarına öz töhfələrimizi verək!

- Çox sağ olun, Aida xanım, Yaşasın sarsılmaz birliyimiz! Yaşasın Türk Elləri!

- Qazaxlar demiş, Birgə bolaq, xanım Aktotı Raimqulova.

Aida Eyvazlı Göytürk
Köçəri mədəniyyətinin yaratdığı bayram...  - Aktotı Raimqulova ilə müsahibə
Köçəri mədəniyyətinin yaratdığı bayram...  - Aktotı Raimqulova ilə müsahibə
Köçəri mədəniyyətinin yaratdığı bayram...  - Aktotı Raimqulova ilə müsahibə
Köçəri mədəniyyətinin yaratdığı bayram...  - Aktotı Raimqulova ilə müsahibə
Köçəri mədəniyyətinin yaratdığı bayram...  - Aktotı Raimqulova ilə müsahibə
Köçəri mədəniyyətinin yaratdığı bayram...  - Aktotı Raimqulova ilə müsahibə
Köçəri mədəniyyətinin yaratdığı bayram...  - Aktotı Raimqulova ilə müsahibə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar